Neftçalada istehsalat təcrübə
BAKI DÖVLƏT UNİVERSİTETİ BİOLOGİYA FAKÜLTƏSİNİN IV KURS TƏLƏBƏLƏRİ İSTEHSALAT TƏCRÜBƏSİNDƏ
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin “Zoologiya və fiziologiya” kafedrasının dosenti Çingiz Məmmədov təcrübə rəhbəri tərəfindən “Su bioehtiyatları və akvabitkilər” ixtisası üzrə təhsil alan IV kurs 135 A qrupunun tələbələri (19 nəfər) 07.04.2023-cü il tarixində tərəfindən Neftçala rayonunun Xıllı qəsəbəsində fəaliyyət göstərən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan “Xıllı-Balıq MMC” və Bankə qəsəbəsində fəaliyyət göstərən “Paşa Xoldinq”in nəzdində “Azerbaijan Fish Farm” balıqçılıq təsərrüfatında istehsalat təcrübəsi keçiblər.
Qeyd etmək lazımdır ki, “Xıllı-Balıq MMC” ilkin vəziyyətində “Xıllı nərə balıqartırma zavodu” kimi 2003-cü ildə “Təxirəsalınmaz Ekoloji İnvestisiyalar layihəsi” çərçivəsində Dünya İnkişaf Bankının ayırdığı vəsait hesabına tikilib-istifadəyə verilib və müasir tipli nərəbalıqartırma zavodudur. “Azerbaijan Fish Farm” balıqçılıq təsərrüfatı isə 2019-cu ildə tikilib istifadəyə verilib və Azərbaycanda Dünya stantartlarına cavab verən ən müasir balıqyetişdirmə təsərrüfatıdır. Hər iki zavod yüksək texniki imkanlara malikdir və bu təsərrüfatlarda dünya nərəbalıqartırma təcrübəsində məlum olan ən yeni texnologiyalar tətbiq edilir. Xəzər dənizinin ən qiymətli vətəgə əhəmiyyətli balıqlarından olan nərələrin müxtəlif növlərinin süni yolla artırılmasında və körpələrin təbii su hövzələrinə buraxılmasında adı qeyd olunan təsərrüfatlar müstəsna əhəmiyyətə malikdir. Həmin təsərrüfatlarda süni yolla alınmış körpələrin yetişdirilməsi nəticəsində müxtəlif növlərin reproduktiv sürüləri formalaşdırılıb və onlardan törədici kimi istifadə olunur. Nərələrin sürfələrinin və körpələrinin yetişdirilməsində yüksək keyfiyyətli balanslaşdırılmış qranulşəkilli qarışıq yemlərdən istifadə olunur.
Təcrübə prosesində tələbələr təsərrüfatın quruluşu, istehsalat prosesində istifadə olunan avadanlıqlar və qurğularla, balıqartırma prosesinin müxtəlif biotexnoloji mərhələləri ilə tanış olublar. Azərbaycanın qiymətli vətəgə balıqlarından olan nərələrin süni artırılması prosesini, burada tətbiq olunan yeni texnoloji metodları əyani şəkildə izləyiblər. Azərbaycanda ilk dəfə tətbiq olunmuş temperatur rejimi idarə olunan qapalı su təchizatı sistemində mayalanmış kürülərin inkubasiya prosesi, istehsalat prosesinin müxtəlif mərhələlərində itkilərin aradan qaldırılması üsulları, sürfələrin və körpələrin “hovuz üsulu” yetişdirilməsi texnologiyaları, həmçinin onların canlı və qarışıq yemlərlə yemləndirilməsi texnologiyaları ilə ətraflı tanış olublar.
Tələbələr təsərrüfatlarda fəaliyyət göstərən canlı yem istehsalı, həmçinin qarışıq yemlərin hazırlanması texnologiyaları və qurğuların iş prinsipi ilə yaxından tanış olublar.
Tələbələr təcrübə prosesində təsərrüfatda formalaşdırılmış müxtəlif növ nərələrin törədici fondu, onların yetişdirilməsi texnologiyaları, balıqartırma və əmtəə məqsədilə istifadə qaydaları ilə ətraflı tanış olublar.