Natella Köçərlinin 70 yaşı tamam olmuşdur
Köcərli Natella Kəriş qızı 8 oktyabr 1954-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
Onun atası Kəriş Köçərli Bakı Dövlət Universitetində (keçmiş ADU-da) fiziklər nəslinin yetişdirilməsində müstəsna rol oynamışdır. Köcərli Natella Kəriş qızı 1978-1981-ci Illərdə Bakı Dövlət Universitetinin Biofizika və molekulyar bioloqiya kafedrasının əyani aspirantı olub, 1988-ci ildə Minsk şəhərində “Sərbəst və immobilizə olunmuş maya göbələyi hüceyrələrinin yaşama qabiliyyəti və bəzi ferment sistemlərinin aktivliyi” . mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi elmi adını almışdir.
1981-1992-ci illər ərzində Biofizika və molekulyar biologiya kafedrasinda baş laborant və tədris laboratoriyasının müdiri, 1992-1999-cu illər ərzində həmin kafedranın baş müəllimi,1999-cu ildən isə hal-hazira kimi dosent vəzifəsində çalışır. Kafedrada işlədiyi müddət ərzində o ozünü intizamlı və daima öz üzərində işləyən müəllim və tədqiqatçı kimi göstərmişdir.
Köcərli Natella kafedranın elmi-metodik, tədris işlərində fəal iştirak edir. O, 135 elmi məqalə və tezisin, o cümlədən 1 müəlliflik şəhadətnaməsinin, bir monoqrafiya , 1 dərslik və 2 dərs vəsaitinin müəllifidir.
O, “Hüceyrə biofizikası” sahəsində geniş tədqiqat işləri aparmışdır. Ətraf mühitin müxtəlif amillərinin təsirindən sonra hüceyrələrin zədələnmə və bərpa olunma mexanizmlərini araşdırmışdır və kafedrada prof.T.H.Məmmədovun rəhbərliyi ilə hüceyrələrin tədqiqində fluoressensiyaedici zond usulunu tətbiq etmişdir. .
Köcərlinin elmi-tədqiqat işlərinin nəticələri Kanada, Türkiyə, Rusiya, Pakistan, Hindistan, Belarusda keçirilən beynəlxalq konfrans və seminarlarda təqdim və müzakirə olunmuşdur. Köcərli Н.K. 1996 və1999-cu illərdə Bakıda kecirilmiş “Hüceyrə biofizikası” Respublika konfransının təşkilatçilarından biri olmuşdur.
Köçərli N.K Biofizika və biokimya kafedrasında ”Biofizika”, “Bioenergetika”, “Fotosintez və Radiasiya proseslərinin biofizikası”, “Membran prosesləri və resepsiyanin biofizikası”, “Ekoloji biofizika” fənnlərindən mühazirə və seminar dərslərini tədris edir.
Biologiya fakültəsinin və eləcə də Universitetin ictimai həyatında yaxından iştirak edir, professor-müəllim heyətinin və tələbələrin dərin hörmətini qazanmışdır.
Köçərli N.K. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Bakı Dövlət Universitetinin ictimai həyatinda fəal mövqeyinə, vəzifəsinə məsuliyyətlə yanaşdığına, öhdəsinə düşən işləri vicdanla və dəqiq yerinə yetirdiyinə görə BDU-nun rektoru tərəfindən fəxrı fərmanlarla və Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
Fakültə kollektivi dosent Natella Köçərlinin 70 illik yubleyini təbrik edir və ona gələcək işlərində yaradıcılıq müvəffəqiyyətləri arzu edir.