“Narkomaniyaya Multidissiplinar Yanaşmalar” adlı elmi-maarifləndirmə tədbiri keçirilib
17 oktyabr 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Narkomaniyaya Multidissiplinar Yanaşmalar” adlı elmi-maarifləndirmə tədbiri keçirilib.
Tədbiri Biologiya fakültəsinin sosial işlər üzrə dekan müavini Yusif Abiyev açaraq, gənclər arasında narkomaniyaya qarşı profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyini və bu istiqamətdə elmi, sosial və maarifləndirici yanaşmaların birgə tətbiqinin önəmini vurğulayıb.
Daha sonra çıxış edən BDU Hüquq fakültəsinin Kriminalistika və Məhkəmə Ekspertizası kafedrasının müdiri, professor Kamil Səlimov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquqi mübarizə mexanizmlərindən, mövcud qanunvericilik bazasından və cəmiyyətin hüquqi maarifləndirilməsinin rolundan danışıb. O, həmçinin qeyd edib ki, gənclər arasında hüquqi biliklərin artırılması narkomaniyaya qarşı mübarizənin mühüm komponentidir.
Həkim-narkoloq Araz Əliquliyev öz çıxışında narkotik maddələrin orqanizmə təsiri, asılılığın mərhələləri, müalicə metodları və reabilitasiya prosesinin çətinlikləri barədə ətraflı məlumat verib. O, həmçinin real klinik təcrübədən nümunələr gətirərək gəncləri sağlam həyat tərzinə üstünlük verməyə çağırıb.
BDU Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının müəllimi Emilya İgidova isə narkotik asılılığının psixoloji səbəbləri, şəxsiyyətin formalaşmasına təsiri və ailə-mühit faktorlarının roluna toxunub. O, gənclərin psixoloji dayanıqlığının artırılması üçün məktəb və universitet mühitində psixoloji dəstək proqramlarının əhəmiyyətini vurğulayıb.
Tədbirin qonaqlarından biri, Qafqaz Eksperimental Dram Teatrının direktoru, aktyor Polad Ağa İbrahimov da çıxış edərək gənclərə bədii və mədəni mühitin insanın mənəvi sağlamlığının qorunmasında rolundan bəhs edib. O, teatr sənətinin, yaradıcılığın və ictimai məsuliyyət hissinin narkomaniyaya qarşı mübarizədə mühüm təsir vasitəsi olduğunu qeyd edib.
Tədbir çərçivəsində narkomaniyanın fəsadlarını əks etdirən maarifləndirici videoçarx nümayiş olunub və tələbələrin iştirakı ilə “İblisin oyunu” adlı səhnəcik təqdim edilib. Səhnəcik gənclərin narkotik asılılığının psixoloji və sosial nəticələrinə bədii yanaşma kimi böyük maraq doğurub.
Sonda tədbir iştirakçıları mövzu ətrafında suallarını ünvanlayaraq fəal müzakirələr aparıblar. Qonaqlar tədbirin gənclər arasında maarifləndirici və preventiv rol oynadığını vurğulayıblar.