Nağı Musayev bu gün 75 illik yubileyini qeyd edir
Professor Nağı Alməmməd oğlu Musayev 1950-ci ilin may ayının 22–də Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuşdur. O, 1957-ci ildə Tovuz şəhəri A.S. Puşkin adına orta məktəbin I sinfinə daxil olub 1967-ci ildə orta məktəb təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Həmin ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. Biofizika elminə olan xüsusi marağı onu 1969-cu ildə Belarusiya EA-ın Fizika İnstitutunun Biopolimerlərin spektroskopiyası laboratoriyasına gətirmişdir. O, burada sellüozanın infraqırmızı spektrlərinin tədqiqi ilə məşğul olmuşdur. Məhz həmin maraq Fizika fakültəsində ixtisas seçimi zamanı onun “Biofizika” ixtisasını seçməsi ilə nəticələnmişdir. N.A. Musayevin bu ixtisas seçimi çox uğurlu olmuş, sonrakı elmi fəaliyyəti zamanı həmin ixtisasda ardıcıl olaraq əvvəlcə diplom işi, sonra isə namizədlik, həm də doktorluq dissertasiyalarının müdafiəsi ilə nəticələnmişdir. O, 1972-ci ildə universiteti müvəffəqiyyətlə bitirmişdir.
- A. Musayev 1971-1972-ci illərdə SSRİ EA-nın Nobel Mükafatı laureatı N.N. Semyonovun rəhbərlik etdiyi Fiziki Kimya İnstitutunda ilk samballı elmi tədqiqatlarını diplom qabağı praktika ərəfəsində və diplom işi yerinə yetirərkən aparmış və alınmış nəticələrin yüksək Beynəlxalq reytinqli “Biofizika” jurnalında çap olmasına nail olmuşdur.
1973-1974-cü illərdə Virusologiya, Mikrobiologiya, Gigiyena İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır.
1974-cü ildə N.A. Musayev M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsində “Biofizika” ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. Öz seçiminə müvafiq olaraq orada ona “Temperatur və fizioloji aktiv maddələrin hüceyrə membranlarının elektrokimyəvi xüsusiyyətlərinə təsirinin tədqiqi” mövzusu təklif olunmuşdur. Namizədlik dissertasiyasını yerinə yetirərkən elmi rəhbər kimi Avstraliyada Hope və Uolkerin yanında dərin praktika keçmiş və SSRİ-də mikroelektrod texnikasının əsasını qoymuş Lev Nikolayeviç Vorobyov təyin edilmişdir. N.A. Musayevin dissertasiya işi 1980-ci ilin aprel ayının 29-da müdafiə olunaraq müəllifə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən “Biofizika” ixtisası üzrə biologiya elmləri namizədi elmi dərəcəsi verilmişdir.
Aspirant hazırlığının başa çatdırılmasından sonra N.A. Musayev təyinat üzrə Azərbaycan EA-ın Fizika İnstitutuna göndərilmişdir. O, EA-ın Fzika İnstitutunun Fiziki Kimyəvi Biologiya sektorunda əvvəlcə baş laborant, sonra kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışmış və həmin dövrdə hüceyrə membranlarında ion daşınmasının tənzimlənməsi mexanizmlərinin tədqiqinə aid bir sıra samballı nəticələr əldə etmişdir. Həmin nəticələr yüksək reytinqli beynəlxalq və Azərbaycan elmi nəşrlərində, həmçinin patent və ixtiraların şərhində öz yerini tapmışdır. Həmin bu ərəfədə membran texnologiyalarının qabaqcıl nümunələrinin sənayedə tətbiqi dövrü başlanmışdır. Bu sahəyə olan marağı Nağı Musayevi 1984-cü ildə Neft sənayesi sahəsində fəaliyyət göstərən “Dəniz neftqazlayihə” İnstitutunun ətraf mühitin mühafizəsi şöbəsinə gətirmiş və 1990-cı ilə qədər həmin məkanda fəaliyyət göstərmişdir. Burada Nağı Musayev texnoloji membranlardan istifadə etməklə dəniz suyunda neftin miqdarının təyin edilməsinin bir neçə nümunəsini işləyib müvafiq müəlliflik şəhadətnamələrini almışdır.
- A. Musayev 1990-cı ildə prof. T.H. Məmmədov tərəfindən Bakı Dövlət Universitetinin nəzdində açılmış “Biotexnologiya” elmi-tədqiqat laboratoriyasında işə dəvət olunmuşdur. O, müvafiq müsabiqələrdən keçərək həmin laboratoriyada elmi işçi vəzifəsinə qəbul edilmişdir.
Laboratoriyadakı elmi fəaliyyəti dövründə N.A. Musayev tərəfindən qurulmuş maye mühitdə oksigenin ayrılma və udulma sürətini müntəzəm qeyd edən, Polyaroqraf adlanan qurğu hal-hazırda da Biofizika və Biokimya kafedrasında tədqiqatçıların xidmətindədir. Bu qurğuda alınmış təcrübi materiallardan istifadə etməklə 4 namizədlik və 10 magistr dissertasiyalarının müdafiəsi baş tutmuşdur. N.A. Musayev bu fəaliyyəti ilə paralel olaraq Biofizika və Biokimya kafedrasında bitki hüceyrələrinin plazmatik membranlarının elektrik parametrlərini müntəzəm qeyd edən 2 ölçü qurğusu yığmışdır. Bu qurğular doktorantura və magistratura hazırlığı keçən əməkdaşlara xidmət edir.
N.A. Musayevin elmi fəaliyyəti Bakı Dövlət Universitetində onun pedaqoji fəaliyyəti ilə ayrılmaz baş tutmuşdur. Belə ki, o, 1993-cü ildən “Biofizika” kafedrasının tam ştat müəllimi, 1996-cı ildən dosenti, 2016-cı ildən isə professoru kimi fəaliyyət göstərmişdir. Onun “Biofizika” ixtisası üzrə “Plazmalemmanın daşıma xüsusiyyətlərinin modifikasiyasının biofiziki mexanizmləri” mövzusundakı doktorluq işinin müdafiəsi və təsdiqi 2012-ci ildə baş tutmuşdur. Nağı Musayevə Respublika Ali Attestasiya Komissiyası tərəfindən dosent və professor elmi adlarının verilməsi uyğun olaraq 1996-cı və 2016-cı illərdə baş tutmuşdur. Onun “Biofizika” kafedrasinda yaratmış olduğu ölçü qurğuları hal-hazırda həm tədris, həm də elmi-tədqiqat praktikasında müvəfəqiyyətlə tətbiq olunmaqdadır.
Professor Nağı Musayev tərəfindən yığılmış elektrofizioloji ölçü qurğusu xara yosunlarının plazmatik membranlarının eyni zamanda 4 parametrinin dəyişməsini müntəzəm qeyd etməyə imkan yaradır. Bu qurğu doktorantura və magistratura hazırlığı keçən əməkdaşlara xidmət edir.
N.A. Musayevin əmək fəaliyyəti rəhbərlik tərəfindən dəfələrlə fəxri fərmanla, həmçinin Təhsil Nazirliyinin “Bakı Dövlət Universitetinin Yubileyi” medalı ilə təltif olunmuşdur.
Professor N.A. Musayev rus və ingilis dillərində yüksək reytinqli nəşrlərdə çap olunmuş 200-ə qədər elmi əsərin müəllifidir. Elmi marağı əsasən bioloji membranlarda ion daşınmasının tənzimlənməsinin molekulyar mexanizmləri və makromolekulların funksional fəallığının tənzimlənməsi mexanizmlərinin tədqiqi sahələrini əhatə edir. O, 2 dərslik, 6 dərs vəsaiti, 1 monoqrafiya, 8 metodik vəsait və həmçinin 15 dərs proqramının müəllifidir.
N.A. Musayevin yazmış olduğu “Biologiyada riyazi modelləşmə” həm eyni adlı fənnin, həm də “Makromolekulyar proseslərin dinamik modelləri” və “Biosistemlərin simulyasiyası və modelləşdirilməsi” fənnlərinin tədrisində müvəffəqiyyətlə istifadə olunur. Onun rəhbərliyi ilə 5 fəlsəfə doktoru 8 magistr dissertasiyaları yerinə yetirilmişdir. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Biofizika İnstitutunun Elmi Şurasının üzvüdür. Professor N.A. Musayev Ali Attestasiya Komissiyasın müdafiə və seminar şuralarının üzvüdür. 2018-2020-ci illərdə Ali Attestasiya Komissiyasının eksperti vəzifəsində çalışmışdır.
N.A. Musayev hal-hazırda Bakı Dövlət Universitetinin Biofizika və Biokimya kafedrasının professoru vəzıfəsində çalışır.