“Müasir molekulyar-genetik metodların tədqiqat və kliniki praktikada tətbiq imkanları” mövzusunda elmi seminar keçirilib

Biologiya fakültəsində “Müasir molekulyar-genetik metodların tədqiqat və kliniki praktikada tətbiq imkanları” mövzusunda elmi seminar keçirilib. Tədbirdə fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib.
Seminarda BDU-nun Biologiya fakültəsinin Genetika kafedrasının saat hesabı müəllimi Həsənova Xəyalə məruzə ilə çıxış edib. Məruzə zamanı molekulyar-genetik metodların müasir biologiya və tibbdə elmi tədqiqatlar, eləcə də klinik praktikada geniş tətbiq imkanları barədə ətraflı məlumat verilib.
Lektor bildirib ki, molekulyar-genetik yanaşmalar DNT, RNT və zülal səviyyəsində baş verən dəyişikliklərin öyrənilməsinə imkan yaradır. Bu isə müxtəlif xəstəliklərin molekulyar mexanizmlərinin daha dərindən anlaşılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məruzədə polimeraza zəncirvari reaksiya — PCR, yeni nəsil sekvensləmə — NGS, mikroarray texnologiyaları, elektroforez və Southern blotting kimi metodların gen ifadəsinin analizi, genetik variantların aşkarlanması və gen funksiyalarının tədqiqində rolu xüsusi vurğulanıb.
Seminar zamanı qeyd olunub ki, bu metodlar genetika, onkologiya, mikrobiologiya və farmakogenomika sahələrində fundamental elmi biliklərin genişlənməsinə mühüm töhfə verir. Eyni zamanda, molekulyar-genetik metodların klinik praktikada erkən diaqnostika, xəstəliklərin proqnozlaşdırılması və fərdiləşdirilmiş müalicə strategiyalarının hazırlanması baxımından böyük əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Məruzədə irsi xəstəliklərin və xərçəngin diaqnostikasında spesifik gen mutasiyalarının aşkarlanmasının erkən müdaxilə imkanlarını artırdığı bildirilib. Farmakogenetik analizlərin isə xəstəyə uyğun dərman seçiminə şərait yaratdığı, bunun müalicənin effektivliyini yüksəltdiyi və yan təsirlərin azalmasına kömək etdiyi qeyd edilib. Yoluxucu xəstəliklərin diaqnostikasında da molekulyar-genetik metodların sürətli və yüksək dəqiqlikli nəticələr verdiyi vurğulanıb.
Seminarın sonunda molekulyar-genetik metodların elmi tədqiqatlarla klinik tətbiqlər arasında mühüm körpü rolunu oynadığı, müasir tibbin inkişafında əsas istiqamətlərdən biri kimi çıxış etdiyi bildirilib. Həmçinin bu sahənin gələcəkdə innovativ texnologiyaların tətbiqi ilə daha da inkişaf edəcəyi qeyd olunub.