"Molecules" jurnalında növbəti məqalə dərc olunub
BDU alimlərinin elmi araşdırmalarının nəticələri nüfuzlu jurnalda dərc olunub
Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov, həmin kafedranın dosenti Səbinə Ömərova və doktorantı Mehmet Tefvik Adicanın həmmüəllif olduqları “Amigdalus communis (badam) bitkisinin yarpaqlarının sulu ekstraktının kimyəvi tərkibinin və ekstrakt vasitəsi ilə sintez edilmiş qızıl nanohissəciklərin antimikrob və xərçəng əleyhinə agentlər kimi tədqiqi” (“The Investigation of the Chemical Composition and Applicability of Gold Nanoparticles Synthesized with Amygdalus communis (Almond) Leaf Aqueous Extract as Antimicrobial and Anticancer Agents”) adlı elmi məqalə “Web of Science” və “SCOPUS”, “PubMed”, “AGRİS” və digər elmmetrik bazalarına daxil olan (IF: 4.927) “Molecules” jurnalında dərc olunub.
Təqdim olunan işin əsas məqsədi badam bitkisinin yarpaq ekstraktının kimyəvi tərkibini müəyyən etmək və həmin ekstrakt vasitəsilə biosintez edilmiş qızıl nanohissəciklərin antibakterial və sitotoksik xüsusiyyətlərini araşdırmaq idi. Yarpaq ekstraktının kimyəvi tərkibi LC-ESI/MS/MS (maye xromatoqrafiya/mass spektroskopiya) metodundan istifadə edərək tədqiq edilmiş, nanohissəciklərin sintezi, stabilləşdirilməsi və bağlanması mərhələlərinə cavabdeh ola biləcək birləşmələr müəyyən edilmişdir. Əldə edilmiş biogen qızıl nanohissəciklərin kolorektal adenokarsinoma, qlioma, yumurtalığın xərçəng hüceyrə xətlərinə və insanın dermal fibroblastlarına qarşı in vitro sitotoksik effektivliyi MTT analizi ilə qiymətləndirilmişdir. Həmçinin əldə edilmiş nanohissəciklərin Bacillus subtilis, Staphylococcus aureus bakteriyalarına və Candida albicans göbələyinə qarşı toksik effekti müəyyən edilmişdir. Beləliklə müəyyən edilmişdir ki, “yaşıl biosintez” yolu ilə əldə edilmiş Au nanohissəcikləri antibakterial və xərçəng əleyhinə mübarizədə istifadə oluna bilər.
Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar: