Milla Dairy LLC istehsalat müəssisəsinə ekskursiya
Biologiya fakültəsinin “Qida Mühəndisliyi” ixtisası üzrə I kurs (178A qrupu) tələbələri dosent Gülşən Süleymanova və b.ü.f.d. Aytəkin Pənahovanın rəhbərliyi ilə Milla Dairy LLC istehsalat müəssisəsinə ekskursiya etmişlər. İlk öncə Milla Təlim və İnkişaf şöbəsinin müdiri Yelena Yusifzadə şirkət barədə təqdimat şəklində məlumat verdi. "Milla" markası Azərbaycanda, demək olar ki, bütün süd məhsulları kateqoriyasında ən çox məhsul çeşidi olan markadır. Zavod gün ərzində 250 ton süd məhsulu istehsal etmə gücünə malikdir. Şirkət məhsulların təzə və təhlükəsiz şəkildə bazara çatdırılmasını təmin etmək üçün sutka ərzində 12 istehsal xəttində süd məhsulları istehsal etməyə qadirdir. “Milla” markası yarandığı gündən əsas missiyası əhalini yüksək keyfiyyətli süd məhsulları ilə təmin etməkdir. Şirkət, həmçinin, istehsalat prosesində texnoloji yenilikləri izləyərək ən son texnologiyalardan istifadə edir.
Daha sonra, mütəxəssis Anar Məmmədov SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) barədə məlumat verdi. Ərazi üzrə rəhbər Anar Quliyev tələbələri Milla Dairy LLC-nin ərazisi ilə tanış etdi. İstehsalat üzrə baş koordinator Ləman Nəsibovanın rəhbərliyi ilə istehsalat müəssisəsinin xam süd məhsulunun mexaniki təmizlənmə, pasterizasiya və sterilizasiya, məhsulların hazırlanması, TetraPark-ların və plastik qabların hazırlanma zonası, südün, xamanın, pendirin, qatığın, ayranın, dondurmanın qablaşdırılması zonası ilə tanış etdi və ətraflı məlumat verildi. Ekskursiya zamanı tələbələr istehsalat müəssisəsində fəaliyyət göstərən laboratoriya ilə tanış oldular. Laboratoriyanın baş mikrobioloqu Fidan Rüstəmli (BDU məzunu) hər bir məhsulun satışa buraxılmamışdan öncə laboratoriyada hansı parametrlər üzrə analiz olunduqları ilə bağlı məlumat verdi, süd məhsulunun quru kütləsinin təyini, sentrifuqa aparatı ilə süddən yağ kütləsinin ayrılmasını, titrləmə kimi analiz üsullarını tələbələrə göstərdilər.
Sonda, qonaqlara Milla Dairy LLC zavodunun istehsal etdiyi məhsullardan hədiyyələr təqdim edildi. Milla Dairy LLC-yə ekskursiya təhsilin təcrübəyə inteqrasiyası baxımından çox məhsuldar olmuşdur.