Meşə ekosisteminin bərpasına dair təlim
Bakı Dövlət Universitetində (BDU) Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə QHT-lər üçün həyata keçirilən “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsinə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən təqdim olunmuş “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində təlim keçirilib.
Təlimdə Türkiyədən dəvət edilmiş mütəxəssis, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının nümayəndəsi Cuma Uykun və BDU-nun Biologiya fakültəsinin dekan müavini Yusif Abiyev tərəfindən karbon potensialının hesablanması üsulları, Coğrafi İnformasiya Sistemləri (CİS) və aerokosmik zondlama ilə tanışlıq, peyk görüntülərinin tətbiqi, statistik analiz metodları, bitki indeksləri analizi, ağac həcmləri və biokütlənin hesablanması, məlumatların toplanması və onların informasiya texnologiyalarına inteqrasiyası və digər vacib mövzularda iştirakçılara ətraflı məlumat verilib.
Təlim çərçivəsində, həmçinin meşələrdə karbon hesablaması ilə bağlı alınmış avadanlıqlar vasitəsilə Hacıqabul və Sabirabad rayonlarında Tuqay meşələrində aparılmış sahə tədqiqatlarının nəticələrinin təqdimatı keçirilib.