Maşın öyrətmə üsullarının biologiyada rolu
Bakı Dövlət Universitetində bioinformatika sahəsində tanınmış mütəxəssis hazırda Böyük Britaniyanın York Universitetinin Struktural Biologiya labaratoriyasının professoru, əməkdar elm xadimi Qərib Novruz oğlu Mürşüdov tərəfindən “Maşın öyrətmə üsullarının biologiyada rolu” mövzusunda ZOOM platforması üzərindən ustad dərsi təqdim edildi. Ustad dərsi onlayn şəkildə sabah qrupu tərəfindən təşkil edilmişdir. Moderator Biofizika və biokimya kafedrasının dosenti Səbinə Ömərova idi. Ustad dərsində biologiya fakültəsinin bir qisim müəllim əməkdaşları, tələbələri, magistrantları və doktorantları iştirak etdilər.
Qərib Mürşüdov məruzəsində müasir elmi inkişafların mütləq fənlər arasında sıx əlaqələr nəticəsində baş verdiyini, elm sahələrin birində yeni üsullar yarananda bu üsulların digər elm sahələrə tətbiq edildiyini vurğulamaqla hal -hazırda aktual olan maşın öyrətmə üsullarının (MÖ) istifadəsi haqqında geniş məlumat verdi. Məruzəçi qeyd etdi ki, bu üsullar artıq müxtəlif sahələrdə tətbiq edilir, həmçinin biologiya sahəsi də bu sahələrdən kənarda qalmayıb. MÖ üsullarının genomda gen kodlaşdıran hissələrinin tapılması, zülalların üçölçülü quruluşlarının proqnozlaşdırılması, neyral şəbəkələrinin analizi və təbabət kimi sahələrdə tətbiqi imkanları haqqında məlumat verdi. MÖ üsullarının bioloji problemlərin həllinə tətbiqi təhlil edildi.
Sonda məruzəçi onlayn iştirakçıların suallarını cavablandırdı və diskussiyalar apardı. Azərbaycanda bu sahəyə bioloqların cəlb olunması üçün atılmalı olan addımlar müzakirə olundu.