Magistrantlar üçün təlim keçirildi
Biologiya fakültəsinin magistrantlarına magistrlik dissertasiya işinin hazırlanması, tədqiqatlar üzrə problem qoyuluşu, onun həlli yollarını müəyyənləşdirmək, elmi ədəbiyyatlarla işləmək və elmi məqalələrin yazılması kimi məsələlərin həlli istiqamətində təlim keçirildi. Təlimdə Biologiya fakültəsinin dosenti Sevinc Hümbətova “Magistr dissertasiya işinin tərtibi və akademik yazı ”adlı təqdimatla çıxış etdi. Tələbələr dissertasiya işinin yazılma mərhələləri və ardıcıllığına, ixtisasın spesifikliyini əks etdirən material və metodikanın tətbiqinə, işin texniki tərtibat qaydalarına dair titul səhifəsindən ədəbiyyat siyahısınadək hər fəsildə nələrə diqqət yetirilməsi haqda slaydlarla tanış edildilər. Konkret misallar üzərində ayrı- ayrı sualların izahı magistrlərin nəzərinə çatdırıldı. Bununla yanaşı 2 illik təhsil dövründə magistrlərin hazırlayacaqları hesabatlar, onların təqdimatına dair qaydalar, təhvil veriləcək referat və işin aprobasiyasını əks etdirəcək elmi publikasiya öhdəliyi də müzakirə edildi. Plagiarizm, mənbələrə doğru istinad və internet resuarslarından istifadədə nələrə diqqət yetirilməsi də müzakirə edildi. Təlimdə fəkültə dekanı və elmi işlər üzrə dekan müavini iştirak edərək magistrantlara dissertasiya işinin hazırlanmasında və elmi tədqiqat işlərinin aparılmasında öhdəliklərini izah edib tövsiyələr verdilər. Təlimdə məlumatlandırıcı yol xəritəsi magistrantların nəzərinə çatdırıldı. Sonda magistrantların sualları cavablandırıldı.