Karlova Universitetinin professoru elmi seminar keçirdi
Bakı Dövlət Universitetində Biologiya fakültəsinində Çexiyanın Karlova Universitetinin Zoologiya departamentinin Onuğasızlar zoologiyası bölümünün professoru Vera Opatova tərəfindən “Zooloji tədqiqatlarda müasir metodlar” mövzusunda elmi seminar təqdim edilib. Elmi Seminarda Çexiya Respublikasının Azərbaycandakı səfirinin birinci müavini Martin Luboyatski, Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Biologiya fakültəsinin dekanı, professor və müəllimləri, tələbələr, magistrant və doktorantlar iştirak ediblər.
Martin Luboyatski, Şahin Pənahov və Afət Məmmədova Çexiyanın Karlova Universiteti ilə əməkdaşlığın davam etməsi , gənclər üçün yeni imkanların qazanılması və əhəmiyyətli tərəflərini auditoriyaya çatdırdılar. Daha sonra Vera Opatova qrupu ilə birgə aparılan elmi tədqiqatların əsas istiqaməti haqqında məlumat vermiş, müxtəlif areallarda yayılan hörümçək növləri və onların genetik, molekulyar cəhətdən öyrənilməsi məsələlərini diqqətə çatdırdı. O, Aralıq dənizi ətrafında hörümçəklərin molekulyar və genetik analizlərini apararaq, onların növ tərkibini dəqiqləşdirdiyini, xarici görünüşü eyni olan hörümçəklərin ekoloji cəhətdən fərqlənməsini və təcrid olunma səbəbləri haqqında geniş məlumat verdi. Məruzəçi çıxışında qeyd etdi ki, müxtəlif populyasiyalar və yaxud meqapopulyasiyalar fərqli davranışa, coğrafi areala, ekoloji fərqlərinə görə təcrid olunaraq yarımnövə başlanğıc verirlər. Sonrakı mərhələlərdə hörümçəklər üzərində müxtəlif analizlər aparılır. Alim qeyd etdi ki, müxtəlif mutasiyalara malik olduğu üçün mitoxondrial analizlərin aparılması məqsədəuyğun deyildir. Daha sonra müəllif aparılan kareoloji analiz metodları, nüvənin içərisində (sitogenetik data) nüvədəki xromosom sayını və fərqlərini tədqiq edən üsullar barədə geniş məlumat verdi.
Vera Opatova tektonik sahələrdə Ummidia hörümçək cinsinin müxtəlif növlərinin yayılması və onlar üzərində genetik analizlərin aparıldığı haqqında məlumatı da seminar iştirakçılarına çatdırdı. Tarantulaların Aralıq dənizinin qərb sahillərində yayılma qanunauyğunluqlarının, təsnifatda yerinin, filocoğrafi və filogenetik mənşəyinin araşdırıldığını, analizlər apararaq yenidən reklassifikasiya edildiyini bildirdi.
Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırdı.
Daha sonra Karlova Universitetinin Zoologiya bölümünün professoru Miroslav Svatora Bakı Dövlət Universiteti ilə Karlova Universitetinin Biologiya fakültəsi arasında 50 ilə yaxın əməkdaşlığın olduğunu bildirdi. Professor çıxışında bu əməkdaşlığın Sovet İttifaqının dağılması, 1990-cı illərin əvvəllərində baş verən faciələrdən sonra yenidən qurulduğunu qeyd etdi və bildirdi ki, BDU ilə Karlova Universiteti ERAMUS+ proqramı çərçivəsində ikitərəfli sazişi möhkəmləndirməyə müvəffəq olmuş və memorandum imzalanmışdır. Miroslav Svator əvvəlki illərdə Azərbaycanda səfərdə olan zaman apardıqları elmi-tədqiqat işləri və nəticələri haqqında auditoriya ilə paylaşdı.
Sonda Miroslav Svator Azərbaycanın müxtəlif bölgələrində yenidən ixtioloji tədqiqatların aparılmasına şərait yaradıldığı üçün təşəkkürünü bildirdi.