IV KURS TƏLƏBƏLƏRİ İSTEHSALAT TƏCRÜBƏSİNDƏ
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin “Su bioehtiyatları və akvabitkilər” ixtisası üzrə təhsil alan IV kurs tələbələri“Zoologiya və Fiziologiya” kafedrasının dosenti Çingiz Məmmədovun rəhbərliyi ilə 12.04.2022-ci il tarixində Nefçala rayonu ərazisində “Xıllı balıq MMC” və 19.04.2022-ci il tarixində Lənkəran rayonu ərazisində (Liman şəhəri) fəaliyyət göstərən “Kiçik Qiziağac balıqartırma təsərrüfatı”nda istehsalat təcrübəsi keçiblər. 26.04.2022-ci il tarixində Yevlax rayonu “AZ_VARVARA MMC”-də təcrübə keçəcəklər.
Təcrübə zamanı tələbələr təsərrüfatın quruluşu, istehsalat prosesində istifadə olunan avadanlıqlar və qurğularla, balıqartırma prosesinin biotexnoloji mərhələləri ilə tanış oldular. Azərbaycanın qiymətli vətəgə balıqlarından olan kütümün süni artırılması prosesini, burada tətbiq olunan texnoloji metodları əyani şəkildə izləyiblər və istehsalat prosesində iştirak ediblər. Törədicilərdən kürünün alınması, mayalandırılması və mayalanmış kürülərin yapışqanlıqdan azad olunması proseslərində iştirak ediblər. Mayalanmış kürülərin inkubasiya prosesi, istehsalat prosesinin müxtəlif mərhələlərində sürfələrin və körpələrin canlı və qarışıq yemlərlə yemləndirilməsi texnologiyaları ilə tanış olublar.
Tələbələr təcrübə zamanı təsərrüfatda formalaşdırılmış müxtəlif növ çəkikimilərin törədici fondu, onların yetişdirilməsi texnologiyaları və balıqartırma və əmtəə məqsədilə istifadə qaydaları ilə tanış olublar.