İstehsalat təcrübələri uğurla davam edir
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biologiya, Biotexnologiya, Su bioehtiyatları və akvabitkilər, Bitki mühafizəsi ixtisasları üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübələri davam edir. Tələbələr Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Laboratoriyasında, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda, AR ETN Botanika İnstitutunda, Molekulyar biologiya və biotexnologiyalar İnstitutunda, Zoologiya İnstitutunda və digər istehsalat müəssisələrində təcrübə keçirlər.
Təcrübə müddətində Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzində tələbələrə dənli və paxlalı bitkilərdə azot, protein, fosfor təyini, meyvə - tərəvəz bitkilərində şəkər, turşuluq, quru maddə təyini, kənd təsərrüfatı əhəmiyyətli bitki toxumlarının bütün keyfiyyət göstəriciləri, torpaqda makro və mikro element, kirəc, pH təyini kimi sınaqların aparılma metodikası əyani nümayiş etdirilmiş, tələbələr özləri də bu sınaqları yerinə yetirmişlər. Tələbələr eyni zamanda nəticələrin emalı qaydaları ilə tanış olmuşlar.
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda laboratoriya avadanlıqlarının işləmə prinsipi barədə tələbələrə məlumat verilib, bitkilərin becərilmə texnologiyaları, sahələrin sxemləndirilməsi, gübrə analizi aparılması qaydaları, torpaqda fosforun təyini metodikası əyani izah edilib.
Zoologiya İnstitutunda tələbələr institutun Protozoologiya, Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları, Hidrobiologiya və quru onurğalıları laboratoriyalarında iş prinsipi ilə tanış olmuş, onlara onurğasız və onurğalı heyvanların tədqiqinə aid müasir metodlar öyrədilmişdir.
Botanika İnstitutunda yabanı bitkilərin rayonlar üzrə yayılması, geobotaniki rayonlaşma, bitkilik tipləri, formasiya və assosiasiyalar barədə tələbələrə məlumat verilib, herbarilərin hazırlanması və saxlanılması qaydaları öyrədilib.