IСESCO-nun Biotibbi materiallar kafedrasında elmi seminar keçirildi
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin “IСESCO-nun Biotibbi materiallar” kafedrasınında aparılan elmi işlərin tanıdım təqdimatı keçirilib. Təqdimatda “Biotibbi materiallar” kafedrasının müdiri professor Ülviyyə Həsənova öncə kafedranın tarixi, ICESCO ilə əməkdaşlıq və kafedranın inkişaf planı barədə qısa məlumat verərək, kafedranın əsas tədqiqat istiqamətləri, həmçinin, aktiv beynəlxalq və yerli layihələri barədə məruzə ilə çıxış etdi. Təqdimat zamanı kafedranın əməkdaşları tərəfindən aparılan tədqiqatların əsas üç mərhələsi barədə qısa məlumat verildi, in silico, sintez və tətbiq mərhələləri detallı şəkildə açıqlandı. Günümüzün tələblərinə uyğun olaraq kafedrada aparılan elmi tədqiqatların praktiki əhəmiyyəti seminar iştirakçıları ilə birlikdə müzakirə edildi. Bundan sonra kafedranın müəllmi Ələkbər Hüseynzadə laboratoriyada sintez olunan üzvi molekullar, onların sintez metodikası, həmçinin in silico tədqiqatlar barədə məruzə ilə çıxış etdi. Burada Bijinelli reaksiyası ilə sintez olunan maddələrin xərçəng xəstəliyinin müalicəsində olan potensialı, üzvi molekulların nanoansambllarının alınması, bu nanoansamblların antimikrobial xüsusiyyətlərinin gücləndirilməsi, hüceyrə xətləri üzərində aparılan tədqiqatlar barədə detallı məlumat vermişdir. Dövrümüzdə in silico tədqiqatların əhəmiyyəti, ümumi metodikası və tətbiq sahələri barədə verilən məlumatlar fakültənin professor-müəllim heyəti tərəfindən maraqla qarşılanmışdır. Kafedranın digər əməkdaşı Günel Əliyeva C-H aktivləşmə əsasında sintez edilən üzvi birləşmələr ilə qrafen oksidin səthinin modifikasiyası mövzusunda məruzə ilə çıxış etmişdir. Tədqiqat qrupu tərəfindən sintez olunan qrafen oksidin Transmissiyalı Elektron Mikroskopiya, Skan edici Elektron Mikroskopiya və Rentgen Difraksiya metodu ilə xarakterizasiyası barədə məlumat vermiş və mövzu seminar iştirakçılarının dərin marağına səbəb olmuşdur. Məruzəçilər iştirakçıların suallarını cavablandırdılar.