"İnsanda Bioloji Ritmlər" mövzusunda növbəti seminar keçirilmişdir.
27 oktyabr tarixində Biologiya fakültəsinin nəzdində fəaliyyət göstərən "Təbiətin Davamlı Harmoniyası" klubunun təqdimatında "İnsanda Bioloji Ritmlər" mövzusunda növbəti seminar keçirilmişdir.
Mövzunun rəhbəri "Zoologiya və fiziologiya" kafedrasının əməkdaşı Elvin Hüseynov; məruzəçilər isə Biologiya fakültəsinin Biologiya ixtisasının 2-ci kurs 169A qrupu tələbələri: Ayşə Həsənova, Aydan Vəliyeva, Zərrin Mirzəzadə və Yağmur Qurbanova olmuşdur.
Tədbiri giriş sözü ilə klubun rəhbəri dosent Əbülfəz Tağıyev açmışdır. Daha sonra məruzəçilər mövzu üzrə geniş məlumat vermişlər. Bildirilmişdir ki, bioloji ritmlər yerin öz oxu ətrafında fırlanmasından asılı olaraq işıqlanma və temperaturun dəyişməsi nəticəsində yaranmışdır. Bu amillər sutka, il ərzində dövri olaraq dəyişir. Bu səbəbdən canlı orqanizmlərdə sutkalıq, fəsil, illik və bu kimi ritmlər meydana gəlmişdir.
İştirakçılar arasında keçirilmiş interaktiv bioritm və xronotip təyini testləri iştirakçıların marağına səbəb olmuşdur. Sonda fakültənin professor-müəllim heyətinin və tələbələrin çoxsaylı sualları cavablandırılmış, əlavə çıxışlar dinlənilmişdir.