“İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb
2018-ci il 9 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq, 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Hər il bu əlamətdar tarix ilə əlaqədar ölkəmizin ali təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında müasir elmin aktual problemlərinə həsr olunmuş silsilə tədbirlər - elmi konfranslar, seminarlar, simpoziumlar, mühazirələr, dəyirmi masalar keçirilir. Elmi fəaliyyət üzrə müsabiqələr təşkil olunur. Bu ənənə ölkə alimlərini bir araya gətirməklə əldə olunan elmi nəticələrin müzakirəsinə, fundamental və tətbiqi xarakterli birgə tədqiqatların aparılmasına, əldə edilmiş elmi nailiyyətlərin tanıdılmasına imkan yaradır.
27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb.
Müsabiqə Komissiyasının qərarına əsasən, təbiət və texnika elmləri üzrə Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov I, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərov III yerə layiq görülüblər.
BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə üç ildir keçirilir. Müsabiqənin məqsədi il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc edilmiş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən BDU əməkdaşlarının mükafatlandırılmasıdır.