HUJİ-nin əməkdaşı İlya Kublanov beynəlxalq ikili diplom proqramı çərçivəsində “Sinergetik proqram” təqdimatı
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universitetinin (HUJI) arasında” Biotexnologiya” ixtisaslaşması üzrə həyata keçirilən nəzərdə tutulmuş "Sinergetik proqramlar"ın həyata keçirilməsi məqsədilə HUJİ-nin əməkdaşı İlya Kubanovun 2024-cü il 7 – 20 oktyabr tarixlərində BDU-ya səfəri baş tutmuşdur. Səfər zamanı İlya Kubanov BDU-nun rektoru ilə görüşmüş və Biologiya fakültəsində tələbə, magistrant, doktorantlr və əməkdaşlar üçün 8 mühazirədən ibarət kursu təqdim etmişdir. Auditoriyanın kontingentindən asılı olaraq mühazirələr ingilis və rus dillərində təqdim edilmişdir. İlya V. Kublanov "Mikrob Metabolizmi: Sonsuz Variasiyalar" mövzusunda mühazirə və seminarlar kursunu mikroorqanizmlərin müxtəlifliyi və onlar tərəfindən həyata keçirilən metabolik, əsasən də katabolik proseslər haqqında mövcud olan müasir təsəvvürlərə həsr olunmuşdur. Prokaryotların metabolizm müxtəlifliyinə həsr olunmuş mühazirələrdən əlavə, müxtəlif yaşayış yerləri mikrobiomlarının tədqiqində istifadə olunan molekulyar-filogenetik metodlar və müasir yanaşmalar müzakirə edilmişdir, həmçinin müqayisəli genomika və digər omiks (transkriptom, proteom və s.) məlumatlarına əsaslanaraq in silico metabolik reaksiyaların deşifrələnməyinə imkan yaradan metodlar müzakirə olunmuşdur. Sürətlə inkişaf edən bu biologiya sahəsi ilə tanışlıq, biologiya üzrə təhsil alan tələbələr və doktorantlar üçün olduqca önəmli və eyni zamanda kursun sonrakı mühazirələrini daha yaxşı anlamaq üçün zəruridir. Mühazirələrdə prokaryotların metabolik imkanlarının ümumi mənzərəsi nəzərdən keçirilmişdir, katabolik proseslərin bütün zəruri komponentləri təhlil edilmiş və həm Yer biosferasına təsiri baxımından geniş miqyaslı proseslər, həm də termodinamik həyat sərhədinə yaxın olan unikal və qeyri-adi proseslər nümunə olaraq göstərilmişdir. Nəhayət, ayrı bir mühazirə yüksək temperatur, yüksək və aşağı pH, yüksək duzluluq, təzyiq və digər ekstremal şəraitlərdə inkişaf edə bilən ekstremofil mikroorqanizmlərə həsr olunmuşdur. Belə mikroorqanizmlərin yaşayış yerləri, eləcə də onların qeyd olan şəraitdə uğurla mövcud olmasına imkan yaradan sabitlik mexanizmləri nümunələri göstərilmişdir.