BDU-da RƏSM SƏRGİSİ KEÇİRİLİB
6 may 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Biologiya və Sosial elmlər və psixologiya fakültələrinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş rəsm və yaradıcılıq sərgisi keçirilib. Tədbir iştirakçıları öncə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra dünya şöhrətli siyasətçi Heydər Əliyevin xatirəsinə dərin ehtiram ifadə olunub, ruhu qarşısında bir dəqiqəlik sükut elan edilib.
Sərgidə “Şuşa ili” çərçivəsində hazırlanmış 100-ə yaxın rəsm əsəri nümayiş etdirilib, tələbələr tərəfindən maraqlı musiqi nümunələri ifa olunub. Biologiya və Sosial elmlər və psixologiya fakültəsinin müəllim və tələbələrinin iştirakı ilə təşkil edilmiş sərgidə vətənpərvərlik mövzusunda çəkilmiş rəsm əsərləri ilə yanaşı, müxtəlif janrlarada (portret, natürmort, mənzərə və s.) təsvir edilmiş əl işləri tamaşaçıların diqqətinə təqdim edilib.
Biologiya fakültəsinin dekanı Afət Məmmədova tədbiri giriş sözü ilə açaraq sərgidə əl işləri nümayiş etdirilən iştirakçılara elmi fəaliyyətləri ilə yanaşı, yaradıcılıq uğurları arzulayıb.
Daha sonra söz BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanova verilib. O, çıxışında tələbələrin asudə vaxtlarının səmərəli təşkilində, onların yaradıcılıq qabiliyyət və imkanlarının üzə çıxarılmasında bu cür sərgilərin mühüm rola malik olduğunu bildirib.
Sosial elmlər və psixologiya fakültəsinin Sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimova “Şuşa ili” çərçivəsində keçirilən silsilə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət malik olduğunu qeyd edib, bu cür sərgilərin fakültələrarası əməkdaşlığın gücləndirilməsində xüsusi rol oynadığını bildirib.
Hər iki fakültənin istedadlı tələbə və müəllimləri tərəfindən sərgilənən əl işləri universitet kollektivi tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.