Hərbi Qənimətlər Parkına Ekskursiya təşkil edilmişdir
8 Noyabr - Zəfər günü ərəfəsində Biologiya THİK təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkına Ekskursiya təşkil edilmişdir. İkinci Qarabağ savaşında qazanılan zəfərin strateji çəkisini nümayiş etdirən tarixi memarlıq və qəhrəmanlıq kompleksi olan Hərbi Qənimətlər Parkının hər bir elementi Azərbaycan əsgərinin 44 günlük müharibə zamanı qələbə əldə etmək üçün rəşadət göstərdiyini əks etdirir. Bu kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini çapıb-talayan, məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilmə nişanələri öz əksini tapıb. Kompleksdə Ermənistan Silahlı Qüvvələrinə məxsus KUB, OSA zenit raket kompleksləri, 150-dək ağır texnika, T-72 tankları, piyadaların döyüş maşınları, 2S1 özüyeriyən artilleriya qurğusu və digər eksponatlar yer alıb. Park Azərbaycan Ordusunun gücünü, bu tarixi Qələbəni bizə yaşadan şəhid və qazilərimizin bəxş etdiyi qüruru gələcək nəslə çatdırmağa xidmət edir.