“Görünməz bağlar – canlıların gizli müqavilələri” mövzusunda elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Biologiya fakültəsi nəzdində fəaliyyət göstərən “Təbiətin Davamlı Harmoniyası” tələbə klubu tərəfindən “Görünməz bağlar – canlıların gizli müqavilələri” mövzusunda elmi seminar təşkil olunub.
Seminarda canlılar aləminin ən maraqlı və sirli münasibətlərindən biri olan biotik qarşılıqlı təsirlər, onların ekosistemlərdəki rolu və ekoloji tarazlığa təsiri haqqında geniş və elmi əsaslı məlumatlar təqdim edilib. Müzakirələr zamanı parazitlik, mutualizm və kommensalizm kimi qarşılıqlı təsir formaları arasındakı keçidlər, həmçinin bu qarşılıqlı əlaqələrin canlılar və təbiət üçün yaratdığı möcüzəvi harmoniya xüsusi vurğulanıb.
Tədbirin əsas məqsədi tələbələrə təbiət sistemlərində baş verən mürəkkəb əlaqələri anlamağa kömək etmək, onların elmi düşüncə tərzini inkişaf etdirmək və ekoloji maarifləndirməni təşviq etmək olub.
Seminarda Biologiya fakültəsinin müəllim və tələbələri fəal iştirak edib, təqdimatlardan sonra maraqlı müzakirələr aparılıb.