“Genetikada Yeni Çağ: Kök Hüceyrə” adlı tədbir keçirilmişdir.
31.10.23 tarixində BDU Könüllüləri Biologiya Fakültəsi nəzdində fəaliyyət göstərən “Avisenna” klubunun təşkilatçılığı ilə “Genetikada Yeni Çağ: Kök Hüceyrə” adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycanın ilk və tək kök hüceyrə mütəxəssisi Dr. Rəşad Rəsulov tərəfindən tələbələrə kök hüceyrə genetikasi, pluripotent və mezenximal kök hüceyrələrin tətbiqi metodları haqqında ətraflı məlumat verildi. Kök hüceyrələr insanların bütün toxumalarında damarların ətrafında yerləşən progenitor hüceyrələrdir. İnsanın normal fizioloji prosesi olan qocalma zamanı orqanizmdə olan kök hüceyrələrin sayı azalır və bu səbəbdən bir çox xəstəliklərin yaranması halları müşahidə olunur. Dr. Rəşad Rəsulov xüsusi olaraq qeyd etdi ki, MKH-lər (mezenximal kök hüceyrələr) immun sistemi zəiflədikdə iltihabı təşviq edir və immun sistemi həddindən artıq aktiv olduqda onu basdırırlar. MKH-lər iltihab yaradan reseptorları olan İL-1 b, TNF- a, İFN- y qarşı T hüceyrələri stimulyasiya edən xemokinlər sintez edirlər. Eyni zamanda B hüceyrələrinin hüceyrə döngüsünü blok edərək immunsupressiya yaratma qabiliyyətinə də malikdirlər. Bunlardan əlavə olaraq, MKH-lər birbaşa hüceyrə-hüceyrə kontaktı vasitəsilə immun modulyasiyası funksiyasını yerinə yetirə bilirlər. Tədbirdə hal-hazırda kök hüceyrə transplantasiyasında geniş istifadə olunan mezenximal kök hüceyrələrin əldə olunma metodları haqqında məlumat verilməklə yanaşı bu mövzuda bir sıra elmi məqalələr barədə də müzakirələr aparıldı. Daha sonra tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırıldı. Tədbirin sonunda gələcəkdə kök hüceyrə sahəsi ilə bağlı Biologiya Fakültəsiylə birgə təşkil ediləcək ortaq layihələr müzakirə edildi.