Genetika kafedrasının professoru Məcnun Babayevin 85 yaşı tamam olub
Bakı Dövlət Universitetinin tanınmış professoru, biologiya elmləri doktoru Məcnun Şıxbaba oğlu Babayev 12 yanvar 1940-cı ildə Quba rayonunun Amsar kəndində dünyaya gəlmişdir. O, uzun illər ərzində Azərbaycanın elmi və pedaqoji sahəsində böyük xidmətlər göstərmişdir.
Məcnun Babayev 1958-ci ildə Amsar kənd orta məktəbini bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, 1961-1963-cü illərdə SSRİ ordusunda xidmət etmişdir. Xidmət zamanı zabit kursunu başa vuraraq kiçik leytenant rütbəsi almış və komsomol fəaliyyətində fəal iştirakına görə SSRİ Lenin komsomolu Mərkəzi Komitəsinin fəxri fərmanı ilə təltif olunmuşdur.
1963-cü ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsinə qəbul olunmuş və 1968-ci ildə fərqlənmə diplomu ilə məzun olmuşdur. 1968-ci ildən etibarən BDU-nun Genetika və Darvinizm kafedrasında fəaliyyət göstərmiş, 1979-cu ildən dosent, 1992-ci ildən isə professor vəzifəsində çalışır.
Professor Məcnun Babayev 1974-cü ildə biologiya elmləri namizədi alimlik dərəcəsini, 1991-ci ildə isə biologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. O, genetika və mutagenez sahəsində apardığı tədqiqatlarla tanınmış, 250-dən çox elmi məqalənin, 30-a yaxın dərslik və dərs vəsaitinin, həmçinin Moskva şəhərində qeydiyyatdan keçmiş 3 müəlliflik şəhadətnaməsinin müəllifidir.
Elmi və pedaqoji fəaliyyətindəki uğurlarına görə iki dəfə "İlin müəllimi" fəxri adına layiq görülmüşdür. 2008-2011-ci illərdə BDU-nun qiyabi və əlavə təhsil üzrə prorektoru vəzifəsində çalışmış, 2011-ci ildən etibarən BDU-nun Həmkarlar İttifaqı Komitəsinin birinci müavini kimi fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2009-cu ildə "Əməkdar müəllim" fəxri adına, 2019-cu ildə isə 3-cü dərəcəli "Əmək ordeni" ilə təltif olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı, Həmkarlar İttifaqları İcraiyyə Komitəsinin medalı, ATİAHİ Respublika Komitəsinin "Yubiley döş nişanı" medalı və Rusiya Həmkarlar İttifaqının 100 illik yubiley medalı ilə mükafatlandırılmışdır.
Professor Məcnun Babayevin elmi irsi və pedaqoji fəaliyyəti Azərbaycan təhsilinin inkişafına dəyərli töhfələr verməkdə davam edir. Onun bilik və təcrübəsi yeni nəsil alimlərin yetişməsində əvəzsiz rol oynayır.