Genetika kafedrasının müəllimi Könül Hacıyevanın 50 yaşı tamam olur
Könül Adıgözəl qızı Hacıyeva 06 fevral 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1993-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinə qəbul olan Könül Hacıyeva, 1997-ci ildən etibarən həmin fakültədə laborant vəzifəsində çalışmış, 1998-ci ildə bakalavr təhsilini başa vuraraq magistratura pilləsinə qəbul olmuşdur. 2000-ci ildə Genetika ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmiş və elmi-pedaqoji fəaliyyətinə başlamışdır.
Hal-hazırda BDU-nun Genetika kafedrasında müəllim kimi fəaliyyət göstərən Könül Hacıyeva “Sitologiya”, “Fərdi inkişafın biologiyası”, “Biologiyanın tədrisi metodikası”, “Genetika”, “Ekoloji genetika”, “Kök hüceyrələrin genetikası”, “Tibbi genetika” və “İnsan genetikası” fənləri üzrə dərslər aparır. Elmi işini Tibbi genetika sahəsində davam etdirən alim, Azərbaycan Respublikasında irsi xəstəliklərin yayılma tezliyi və xərçənglə bağlı risk faktorlarını öyrənmək məqsədilə “Bakı şəhəri 18 yaşdan yuxarı olan qadınlarda HPV virusunun və onun xərçənglə əlaqəlilik tezliyinin öyrənilməsi” mövzusunda tədqiqat aparmışdır.
Elmi fəaliyyətinə 42 məqalə və tezis, o cümlədən 2023-cü ildə çap olunmuş “Biologiyanın tədrisi metodikası” adlı dərs vəsaiti daxildir.