Genetika kafedrasının dosenti Əlisəfa Səmədovun 80 yaşı tamam olub
15 yanvar 1945-ci ildə Azərbaycan Respublikası Saatlı rayonunun Məzzəli kəndində ziyalı ailəsində anadan olmuş Səmədov Əlisəfa Əli oğlu elmi və pedaqoji fəaliyyətinə böyük töhfələr vermiş alimlərdən biridir.
O, 1968-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, daha sonra 1969-cu ildə həmin universitetin Genetika və Darvinizm kafedrasında “Embriologiya və Histologiya” ixtisası üzrə əyani aspiranturaya qəbul olunmuşdur. Hərbi xidmətdən sonra elmi fəaliyyətini davam etdirərək, Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə etmişdir.
Uzun illər Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda elmi işçi kimi çalışan Səmədov Əlisəfa Əli oğlu, həmçinin Bakı şəhəri 132 nömrəli orta məktəbdə və S.M.Kirov adına ADU-nun Biologiya fakültəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
1988-ci ildən Biologiya fakültəsinin Genetika və Darvinizm kafedrasında baş müəllim, 1993-cü ildən isə dosent vəzifəsində fəaliyyət göstərir. Alim genetika və embriologiya sahəsində aparılan tədqiqatlara dəyərli töhfələr vermiş, tələbə və gənc tədqiqatçıların yetişməsinə böyük əmək sərf etmişdir.
Səmədov Əlisəfa Əli oğlunun elmi və pedaqoji fəaliyyəti Azərbaycanın biologiya və genetika sahəsində mühüm yer tutur. Onun uzunillik zəhməti və bilikləri yeni nəsil alimlər üçün nümunədir.