“Gənc istedadlar” liseyinin şagirdləri Biologiya fakültəsinin elmi-tədqiqat mühiti ilə tanış olublar

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin VII–VIII sinif şagirdlərinin Universitetin Biologiya fakültəsinin elmi-tədqiqat laboratoriyaları ilə yaxından tanışlığına başlanılıb. Tədbirin məqsədi şagirdlərin erkən yaşlardan ali məktəbin elmi mühiti ilə tanış edilməsini təmin etmək, onların elmə marağını gücləndirmək və tədqiqat yönümlü düşüncə tərzinin formalaşmasına töhfə verməkdir.
Məlumdur ki, erkən yaşlardan elmi mühitlə təmas şagirdlərin elmə maraqlarının artmasına, analitik düşünmə və tədqiqat bacarıqlarının inkişafına, eləcə də gələcək ixtisas seçimində daha düzgün istiqamətlənmələrinə mühüm təsir göstərir. Bu baxımdan təşkil olunan məşğələlər şagirdlərin nəzəri biliklərini real elmi fəaliyyətlə əlaqələndirməyə imkan yaradır.
Məşğələlər zamanı şagirdlər BDU-nun elmi-tədqiqat infrastrukturu, Biologiya fakültəsində aparılan əsas tədqiqat istiqamətləri və laboratoriyaların fəaliyyəti ilə tanış olublar. Fakültənin müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında keçirilən dərs və praktik məşğələlər şagirdlərin fizika, kimya və biologiya fənləri üzrə əldə etdikləri nəzəri biliklərin praktik bacarıqlarla möhkəmləndirilməsinə şərait yaradır.
Bu cür elmi-maarifləndirici fəaliyyətlər şagirdlərin dünyagörüşünün genişlənməsinə, biliklərinin dərinləşməsinə, elmi tədqiqatlara marağının artmasına və gələcəkdə elmə yönümlü kadr kimi formalaşmalarına xidmət edir. Eyni zamanda, belə təşəbbüslər orta təhsil müəssisələri ilə ali təhsil ocaqları arasında əlaqələrin gücləndirilməsi baxımından da əhəmiyyətlidir.