Fərayət Ramazan qızı Əhmədova bu gün 75 illik yubileyini qeyd edir
Fərayət Əhmədova 24 aprel 1950-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1976-cı ildə ADU-nun (indiki BDU) Biologiya fakültəsini Mikrobiologiya ixtisası üzrə bitirmişdir. 1991-ci ildə R.A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında mikrobiologiya ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsinə, 2008-ci ildə Bakı şəhərində doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2014-cü ildən fakültədə professor vəzifəsində çalışır.
Elmi istiqaməti əsasən Azərbaycanın termal sularının mikrobioloji tədqiqinə yönəlib. O, 160-dən çox elmi əsərin, o cümlədən bir dərsliyin həmmüəllifi, iki dərs vəsaitinin, bir monoqrafiyanın, bir ixtiranın həmmüəllifi, bakalavr və magistratura səviyyəsində 2 metodik göstərişin və çoxsaylı fənn proqramlarının müəllifidir.
Fərayət xanım Biologiya fakültəsinin ictimai həyatında da öz əməyini əsirgəmir. O, 10 ildən artıq Biologiya fakültəsinin Tədris Metodiki Şurasının sədr müavini olmuş, hazırda fakültədə fəaliyyət göstərən “Xarıbülbüllər” qızlar klubunun təsisçisi və rəhbəridir.
F.R. Əhmədova hazırda Bakı Dövlət Universitetinn Molekulyar biologiya və biotexnologiyalar kafedrasında professor vəzifəsində çalışır. O, işlədiyi müddətdə universitet rəhbərliyi tərəfindən dəfələrlə ”Fəxri fərmanla” (2009,2012), pul mükafatları, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı tərəfindən “Heydər Əliyev ili” və Partiyada ictimai-siyasi fəaliyyətinə görə “Fəxri Fərmanla (2023) və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Bakı Dövlət Universitetinin 100 illiyi ilə əlaqədar Yubiley medalı ilə (2019) təltif olunmuşdur.
Ömrünü elmə və pedaqoji fəaliyyətə həsr etmiş, bizimlə 50 ildən artıq bir müddətdə çiyin-çiyinə çalışmış həmkarımızı ürəkdən təbrik edirik, ona cansağlığı və işlərində daha yeni uğurlar arzulayırı!