Fakültənin tələbələri Quba rayonunda çöl tədris təcrübəsində iştirak etmişlər

Biologiya fakültəsinin Biologiya, Su bioehtiyatları və akvakultura, eləcə də Bitki mühafizəsi ixtisasları üzrə təhsil alan IV kurs tələbələri Quba rayonunda çöl tədris təcrübəsində iştirak etmişlər.
Təcrübənin əsas məqsədi tələbələrin nəzəri biliklərini praktiki fəaliyyətlə əlaqələndirmək, təbii ekosistemlərdə rast gəlinən flora və fauna növlərinin öyrənilməsi istiqamətində onların tədqiqat bacarıqlarını inkişaf etdirmək olmuşdur.
Çöl tədris təcrübəsi zamanı tələbələr müxtəlif bitki növlərindən nümunələr toplamış, onların morfoloji xüsusiyyətlərin əyani olaraq müşahidə etmiş, yayılma arealları və ekoloji əhəmiyyəti ilə tanış olmuşlar. Eyni zamanda, ərazidə rast gəlinən onurğalı və onurğasız heyvanların növ müxtəlifliyi, yaşayış mühiti və biologiyası haqqında müşahidələr aparılmışdır.
Su bioehtiyatları və akvakultura ixtisası üzrə təhsil alan tələbələr yerli su hövzələrinin ekoloji vəziyyətini qiymətləndirmək üçün təcrübə toplamış su orqanizmlərinin müxtəlifliyi və su ekosistemlərinin xüsusiyyətləri barədə məlumata yiyələnmişlər. Bitki mühafizəsi ixtisasının tələbələri isə kənd təsərrüfatı və təbii bitki örtüyündə müşahidə olunan zərərvericilər, xəstəlik törədiciləri və onlara qarşı mübarizə üsulları ilə bağlı praktiki araşdırmalar aparmışlar.
Təcrübə çərçivəsində tələbələr biomüxtəlifliyin qorunmasının əhəmiyyəti, ekoloji monitorinq üsulları, nümunələrin toplanması və ilkin emalı qaydaları barədə də praktiki biliklər əldə etmişlər. Sahə müşahidələri tələbələrin elmi-tədqiqat fəaliyyətinə marağının artırılmasına və peşəkar hazırlıqlarının möhkəmləndirilməsinə töhfə vermişdir.
Çöl tədris təcrübəsi tələbələrə təbii mühitdə müşahidə, analiz və qiymətləndirmə bacarıqlarını inkişaf etdirmək, əldə etdikləri nəzəri bilikləri praktikada tətbiq etmək imkanı yaratmışdır. Çöl təcrübələrin gələcək biololoq mütəxəssislərinin hazırlanmasında mühüm əhəmiyyət daşıyır.