Fakültənin tələbələri HERBA FLORA şirkətində
“Biotexnologiya” ixtisası üzrə təhsil alan IV kurs tələbələri fənn müəllimi Aytəkin Pənahovanın rəhbərliyi ilə HERBA FLORA şirkətini istehsalat müəssisəsinə ekskursiya etmişlər. Tələbələri müəssisənin təhlükəsizlik qaydaları ilə tanış etdikdən sonra onlara şirkət barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, Herba Flora şirkəti 1998-ci il 25 may tarixindən etibarən fəaliyyətə başlayıb. Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi, onların toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılması şirkətin fəaliyyətinin əsasını təşkil edir. İstehlak bazarına çıxarılan həmin məhsullarla yanaşı xaricdən idxal olunan dərman bitkiləri də vardır.
Tələbələrə şirkətdə fəaliyyət göstərən laboratoriyalar, istehsalat hissəsində bitki tərkibli məhsulların istehsalı, bitki toxumlarından yağların alınması texnologiyası, bitki tərkibli şampun istehsalı, qablaşdırmaları, etiketləşdirmə, anbarlarında bitki məhsullarının saxlanma rejimlərinə necə əməl edilməsi barədə məlumat verilmişdir. Bildirilmişdir ki, HERBA FLORA şirkəti istehsal etdiyi məhsulların yüksək keyfiyyətli olması üçün yeni texnologiyaları istehsalata tətbiq edir. Sonda tələbələrə HERBA FLORA şirkətinin istehsal etdiyi məhsullardan hədiyyələr təqdim edilmişdir. Tədrisin təcrübəyə inteqrasiyası baxımından HERBA FLORA şirkətinə ekskursiya çox məhsuldar olmuş, tələbələr əyanı olaraq istehsalat müəssisəsində texnoloji prosesləri müşahidə edərək təcrübi biliklər toplamışlar.