Fakültənin dissertantı elmi seminarda çıxış etdi
Bakı Dövlət Universitetinin Biologiya fakültəsi, Zoologiya və fiziologiya kafedrasının elmlər doktoru proqramı üzrə dissertantı Ramin Həşimov tərəfindən elmi seminar təqdim edildi.
Seminarda məruzəçi kərtənkələ növlərində müxtəlif mühit şəraitinə uyğunlaşmalar (davranış, fizioloji-biokimyəvi, sitoloji-histoloji) haqqında məlumat verdi. Həşimov Ramin qeyd etdi ki, kərtənkələlərin bütün orqan və toxumaları dəyişikliyə uğramış ekoloji şəraitə uyğunlaşmanı təmin edir.
Məruzəçi təqdim olunan tədqiqat işində dəri, qaraciyər, skelet əzələləri və ağciyərin histoloji və sitoloji quruluşunun analizinin nəticələrini auditoriyaya çatdırdı.
Həşimov Ramin qeyd etdi ki, kərtənkələlər uzun müddət stabil olan isti şəraitdə saxlanılan zaman onların bədənində parazitlər və şərti patogenlər aktivləşib heyvana zərər vurur. İnsanların məskunlaşdığı ərazilərə yaxın yerlərdə yaşayan kərtənkələlərin həzm sistemində helmintlərin miqdarı vəhşi təbiətdə yaşayan kərtənkələlərə nisbətən az olur. Digər ikinci silsilə təcrübədə qaraciyərdə müşahidə olunmuş kapilyarlar (sinusoidlər) ən iri diametrə malik kapilyar olmasını və onların hündürlüyə qalxdıqca bu sinusoidlərin diametrinin kiçildiyini, üçüncü silsilə təcrübədə isə məruzəçinin EPR-də aparılan tədqiqatları müzakirə olundu.
Məruzəçi apardığı tədqiqatları, metodları və nəticələri auditoriyaya təqdim etdi. O, növ təyinində indikativ parametrlərin istifadə edilməsini nəzərə çatdırdı.
Həşimov Ramin çıxışının sonunda ekoloji şəraitdən asılı olaraq Ophisops elegans (Menetries, 1832), Lacerta strigata (Eichwald, 1831), Tenuidactylus caspius (Eichwald, 1831) (Reptilia, Sauria) növ kərtənkələlərin müəyyən əsas orqanlarının sitoloji-histoloji quruluşunda baş verən dəyişikliklər və həmin dəyişikliklərin regenerasiyası prosesində dərinin əhəmiyyəti haqqında geniş məlumatları qeyd etdi və iştirakçıların suallarını cavablandırdı.