Fakültədə növbəti elmi seminar keçirilmişdir
Biologiya fakültəsində Botanika və bitki fiziologiyası kafedrasının dosenti Asim Səfərovun məruzəçiliyi ilə "İqlim dəyişkənliklərinin Yer kürəsinin bitki örtüyünə təsiri" mövzusunda elmi seminar baş tutmuşdur.
Asim Səfərov seminarı giriş sözü ilə açaraq bildirmişdir ki, Yer kürəsinin daxili və xarici nüvəsində baş verən mürəkkəb xarakterli geoloji - kimyəvi proseslərin məntiqi davamı olaraq planetimizin biosferasında müəyyən dəyişkənliklər baş verir. Təbii ki, bu proseslər günəş aktivliyi ilə də əlaqəlidir. Yerin geomorfoloji xüsusiyyətləri biosferin ən mühüm komponentlərindən olan bitki örtüyünə də ciddi təsirlər göstərir. O, qeyd etmişdir ki, ətraf mühitin dəyişən amilləri içərisində iqlim amillərinin bitkilərə təsiri onların böyümə və inkişaf fazalarında müvafiq dəyişikliklər meydana çıxarır. Planetin bitki örtüyünün əlamət və xüsusiyyətləri çox böyük sürətlə əhəmiyyətli dərəcədə dəyişir. Ayrı-ayrı ərazilərdə ekoloji tarazlığın pozulması, texnogen xarakterli hadisələrin baş vermə intensivliyinin tezləşməsi qeydə alınır.
Məruzəçi çıxışının davamında ilin mövsümlərində baş verən tezləşmə və gecikmə halları barədə danışaraq, bütövlükdə bitkilərin vegetasiya ritmlərinin dəyişməsinin səbəblərini açıqlamışdır. Atmosferin qaz balansının dəyişməsi, havanın temperaturunun yüksəlməsinin belə proseslərdən hesab olunduğunu bildirmişdir.
Tədbirin sonunda seminar iştirakçılarının sualları ətraflı cavablandırılmışdır.