Fakültədə növbəti elmi seminar keçirilib
Bakı Dövlət Universiteti Biologiya fakültəsində Genetika kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı dosent Məmmədhüseyn Hüseynov tərəfindən “Lənkəran-Astara iqtisadi rayonunda becərilən çay bitkisi sortlarının genetik müxtəlifliyinin qiymətləndirilməsi“ mövzusunda məruzə təqdim edilib. Seminarda məruzəçi qeyd etdi ki, tədqiqat işləri 2019-2022-ci illərdə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran çay filialının sınaq təcrübə zonasında becərilən çay bitkisinin (Camellia sinensis (L.) Kuntze) müxtəlif sort və formaları üzərində aparılmışdır.Məmmədhüseyn Hüseynov çay bitkisinin genetik müxtəlifliyi müəyyənləşdirilmiş sort və formaların genofondunu tədqiq etmiş, daha məhsuldar sortların, formaların kəmiyyət və keyfiyyət göstəricilərinə təsir edən mühit amillərini araşdırmışdır. Seminarda Azərbaycan Respublikasında yetişdirilən çay genotiplərinin genetik müxtəlifliyinin molekulyar markerlər vasitəsilə qiymətləndirilməsində müasir metodlardan istifadə edilməsi təqdim edilmiş və 11 çay genotiplərində 10 RAPD praymerlərinin tətbiqi nəzərə çatdırılmışdır. Məruzəçi genotip üzrə müşahidə olunan DNT bəndlərınin dəyişmə saylarını, RAPD markerləri tərəfindən yaradılan əsas ardıcıllıqlar və genetik variasiya parametrlərini eksperimentlərin nəticəsi olaraq təhlilini vermişdir.
Məruzədə test edilən sortların genotipləri arasındakı genetik oxşarlıq, morfoloji və keyfiyyət göstəricilərinin dəyişməsi, korrelyativ əlaqələri haqqında məlumatlar təqdim edilib.
Sonda məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.