FAKÜLTƏDƏ NÖVBƏTİ ELMİ SEMİNAR KEÇİRİLİB
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində 24 may 2022-ci il tarixində elmi seminarı keçirildi. Seminarda Zoologiya və fiziologiya kafedrasının müəllimi Sevinc İbrahimxəlil qızı Məmmədova “Müxtəlif maddələrin canlı orqanizmin fizioloji funksiyalarına təsiri” adlı mövzusu ilə çıxış etdi. Məruzəçi Azərbaycanda ilk dəfə fosfor tərkibli gübrələrin (Ammophos və Kristalon) çəki balığının fizioloji funksiyalarına təsiri haqqında məlumat verdi. Məlumdur ki, su ekosistemləri, bir qayda olaraq, biotik və abiotik ekoloji amillərin yaratdığı bütün təsirləri əks etdirir, həm də kifayət qədər aydın antropogen təsir izlərini daşıyır. Müxtəlif hidroqrafik hövzələrdə insan fəaliyyətinin artması əhəmiyyətli, bəzən isə çətin ekoloji problemin yaranmasına səbəb olur. Sevinc Məmmədova bu prosesin həlli yollarının axtarışı bir tərəfdən ətraf mühitin mühafizəsi ilə digər tərəfdən ona müdaxilənin kəskin şəkildə artan aktivliyi arasında balansın saxlanması məsələsini auditoriya ilə paylaşdı. O qeyd etdi ki, müxtəlif maddələrin fərdlərə, populyasiyalara və bəzən növlərə həm qısamüddətli, həm də uzunmüddətli təsirinin öyrənilməsi mühüm yanaşmadır. Bu cür elmi-tədqiqat işləri ümumilikdə su ekosistemlərinin dinamikasını başa düşməyə imkan verir. Məruzəçi Sevinc Məmmədova öz çıxışında ilk dəfə Ammophos və Kristlon kimi toksiki maddələrin çəki balığı üzərində müxtəlif biomarkerlərin (fizioloji, sitoloji, histoloji) öz tədqiqatlarında geniş öyrəndiyini seminar iştirakçıları ilə müzakirə etdi.