MTT test – hüceyrələrin metabolik aktivliyi mövzusunda seminar
Bakı Dövlət Universitetində Biologiya fakültəsinin əməkdaşları, gənc tədqiqatçıları, magistrantları, tələbələri üçün 11 oktyabr 2023- cü il tarixində “Biofizika və biokimya“ kafedrasının müəllimi Hüseynova Nigar Faiq qızı tərəfindən elmi seminar təqdim edildi. Məruzəçi seminarda MTT test – hüceyrələrin metabolik aktivliyini təyin etmək üçün istifadə edilən kolorimetrik test haqqında geniş məlumat verdi.
Nigar Hüseynova qeyd etdi ki, aktiv dərman maddələri, kosmetik vasitələr, gigiyenik məhsullar, ekoloji kimyəvi maddələr, ağır metallar bir çox fərqli mexanizmlərlə hüceyrəyə sitotoksiki təsir edərək hüceyrələrin qismən apaptozu, nekrozu və ya autofagiyasına səbəb olur. Bu zaman təsiredici preparatların sitotoksikiliyini təyin etmək üçün müxtəlif metodlardan (boyama metodları, kolorimetrik metodlar, fluorometrik metodlar və s.) istifadə edilərək hüceyrələrin canlılıq faizi müəyyənləşdirilir.
Məruzəçi auditoriyaya çatdırdı ki, kolorimetrik üsullar hüceyrələrdə metabolik aktivliyi təyin etmək üçün biokimyəvi markerin ölçülməsinə əsaslanır və bu üsulda hüceyrə canlılığı spektrofotometrik üsulla təyin edilir. Bu üsulda 3-[4,5-dimetiltiazol-2-il]-2,5 difenil tetrazol bromid (MTT), 3-[4,5-dimetiltiazol-2-il]-5-(3-karboksimetoksifenil)-2-(4 sulfofenil)-2H-tetrazol (MTS), ən geniş istifadə olunan və kifayət qədər populyar reaktivlərdir. MTT testinin prinsipi canlı hüceyrələrdə mitoxondrial funksiyanın göstəricisi olan MTT-nin formazan kristallarına çevrilməsi əsaslanır. MTT testi zamanı canlı hüceyrələrdə mövcud olan NAD(F)H-dan asılı oksidoreduktazalar (dehidrogenazalar) 370C-də tetrazol duzlarını suda həll olmayan bənövşəyi rəngli formazan kristallarına qədər reduksiya edir. Suda həll olmayan formazan kristalları müəyyən həlledicilər (DMSO-dimetil sulfoksid) vasitəsilə həll edilir və alınan rəngli məhsul kəmiyyəti multiyuvalı spektroskopik oxuyucuda 570nm dalğa uzunluğunda oxunur. Tətbiq edilən MTT testi nəticəsində İC50 dəyərlərinin hesablanması təsiredici preparatların effektivliyini təyin etməyə imkan verir.
Sonda məruzəçi iştirakçıların suallarını cavablandırdı.