Mardin Artuklu Universitetinin əməkdaşı, “Biofizika və biokimya“ kafedrasının doktorantının seminarı
Bakı Dövlət Universitetində Biologiya fakültəsinin əməkdaşları, gənc tədqiqatçıları, magistrantları, tələbələri üçün Mardin Artuklu Universitetinin əməkdaşı, həmçinin “Biofizika və biokimya“ kafedrasının doktorantı, Adıcan Mehmet Tevfik tərəfindən elmi seminar təqdim edildi.
Məruzəçi qeyd etdi ki, metal nanohissəciklərin sintezində bioloji obyektlərdən istifadə geniş yayılmış metodlardan biridir. Bioloji sintez üsullarından isə “yaşıl sintez” özünəməxsus üstünlüyə malikdir, çünki bu zaman toksik kimyəvi maddələrdən istifadə olunmur, ekoloji təhlükəsiz və iqtisadi cəhətdən daha sərfəli metoddur. Bitkilərdə tapılan biomolekullar, ikincili metabolitlər o cümlədən fenol birləşmələr, spirtlər, flavonoidlər və karbonil qrupları olan fitokimyəvi maddələr metal ionlarını nanohissəciklərədək asanlıqla reduksiya edir.
Tədqiqatçının apardığı tədqiqatlarda Au və Ag nanohissəciklərin xüsusiyyətləri müvafiq olaraq UV-vis spektrofotometriyası, FT-IR spektroskopiyası, EDX, XRD analizi, TEM, SEM və digər mikroskopiya üsullarından istifadə etməklə müqayisəli tədqiq olunmuş, onların ölçüləri, forması, yükü və nanohissəciklərin zeta potensialı müəyyən edilmişdir. Dazıotu (Hypericum triquetrifolium Turra) bitkisinin sulu ekstraktı vasitəsilə əldə edilmiş Au və Ag nanohissəciklərin sağlam və şiş hüceyrə xətlərinə sitotoksik təsiri tədqiq edilmişdir. Eyni zamanda başqa bitkilərin sulu ekstraktları vasitəsilə alınmış nanohissəciklərin (müxtəlif metal təbiətli) sağlam və şiş hüceyrələrinə təsiri də müqayisəli şəkildə nəzərdən keçirilmişdir.
Doktorant alınmış təcrübi nəticələri ədəbiyyat məlumatları əsasında yaxın gələcəkdə metal nanohissəciklərin tibbdə geniş istifadə ediləcəyini vurğuladı. Metal nanohissəciklərin sintezinə dair çoxsaylı elmi tədqiqatlar həsr olunub. Müxtəlif fiziki, kimyəvi və bioloji üsullardan istifadə etməklə nanohissəciklərin sintezi aparılır.
Adıcan Mehmet BDU-nun professor müəllim heyəti və tələbləri qarşısında çıxış etməkdən məmnun olduğunu qeyd etdi. Sonda məruzəçi iştirakçıların suallarını cavablandırdı.