Əməkdaşlarımız Beynəlxalq konfransda cıxış etdilər
15-17 may 2023-cü il tarixlərində Azərbaycanın Bakı Dövlət Universiteti, Özbəkistanın Andijan Dövlət Universiteti və Türkiyənin Ege Universitetinin birgə təşkilatçılığı ilə Andijan Dövlət Universitetində “Avroasiyanın biomüxtəlifliyinin mühafizəsi: müasir problemlər, həllər və perspektivlər” mövzusunda I Beynəlxalq konfrans öz işini davam etdirir. Konfrans 5 seksiyada keçirilmişdir: Avroasiyada genetik biomüxtəlifliyin problemləri və onların həlli yolları; Biomonitorinq və su ekosistemlərinin mühafizəsi; Nadir bitki və heyvan növlərinin mühafizəsi və bərpası; Avroasiyada fotosintezedən orqanimzlərin müxtəlifliyinin qorunması; Avroasiyada göbələklər və onların simbiotik tərəfdaşlarının qorunması. Konfransın plenar iclasında Rövşən Xəlilov çıxış etmişdir. Biomonitorinq və su ekosistemlərinin mühafizəsi seksiyasında Afət Məmmədova çıxış edərək, Azərbaycanda ekoloji problemlər, davamlı inkişafın təmin edilməsi üçün məqsəd və hədəflər, biomonitorinq və bioindikatorlarla bağlı fikirlərini çatdırmışdır, həmçinin seksiyada moderatorluq etmişdir. Ülviyyə Həsənova dördüncü seksiyada Supramolekulyar nanoansambların sintezi və tətbiqi barədə çıxış edərək, öz elmi araşdırmalarının nəticələrini iştirakçılarla bölüşmüşdür.
Konfransa Bakı Dövlət Universiteti, Tibb Universiteti, Molekulyar biologiya İnstitutu, Botanika İnstitutu, Genetik ehtiyatlar İnstitutu və digər elmi-tədqiqat institutlarından ümumilikdə 45 konfrans materialı təqdim edilmiş və onlayn formada məruzələr edilmişdir. Konfrans müddətində iştirakçı ölkələrin alimləri ilə birgə fəaliyyət məsələləri, gələcək perspektivlər haqqında fikir mübadiləsi aparılmış, müxtəif məzmunda layihələrin ərsəyə gətirilməsi üçün lazım olan məqamlar müzakirə edilmiş, kəsişmə nöqtələri müəyyən edilmişdir.
Konfrans 17 may 2023-cü il tarixində öz işini yekunlaşdıracaqdır.