Elm gününə həsr olunmuş “Klinik biokimya” təlim proqramı keçirilib
-lg.jpg)
Elm gününə həsr olunmuş tədbirlər çərçivəsində Bakı Dövlət Universitetinin Biologiya fakültəsi nəzdində fəaliyyət göstərən Gənc Onkogenetika Tədqiqatçılar Qrupunun təşkilatçılığı ilə “Klinik biokimya” üzrə təlim proqramı keçirilib. 15–20 fevral tarixlərini əhatə edən proqram nəzəri və praktiki mərhələlərdən ibarət olub.
Təlimin nəzəri hissəsi Gənc Onkogenetika Tədqiqatçılar Qrupunun sədr müavini Nigar Hüseynova tərəfindən aparılıb. Bu mərhələdə iştirakçılara klinik biokimyanın əsas prinsipləri, laborator diaqnostikada tətbiq olunan müasir metodlar, biokimyəvi göstəricilərin klinik əhəmiyyəti və analiz nəticələrinin interpretasiyası barədə məlumat verilib.
Təlimin praktiki mərhələsi Ellab Diaqnostika Mərkəzinin biokimyəvi laboratoriyasında təşkil olunub. Praktiki məşğələlər zamanı tələbələr müasir laborator analizatorların iş prinsipi ilə tanış olub, real nümunələr üzərində işləyərək analiz prosesinin mərhələlərini müşahidə ediblər. Eyni zamanda laborator təhlükəsizlik qaydaları və keyfiyyətə nəzarət mexanizmləri barədə izahatlar verilib.
Qeyd edək ki, təlim proqramının əsas məqsədi biologiya və genetika sahəsində təhsil alan tələbələrin klinik laboratoriya biliklərini artırmaq, onları müasir diaqnostik metodlarla tanış etmək və praktiki bacarıqlarını inkişaf etdirməkdir.
Təlim proqramı iştirakçılar tərəfindən maraqla qarşılanıb və gələcəkdə bu istiqamətdə oxşar təlimlərin davam etdirilməsi planlaşdırılır.