Elm gününə həsr olunmuş elmi seminar keçirildi
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Elm Günü”nə həsr edilmiş "Pambıq genotiplərinin duzluluq stresinə davamlılığının molekulyar genetik tədqiqi" mövzusunda elmi seminar keçirilib. Genetika kafedrasının fəlsəfə doktoru proqramı üzrə qiyabi doktorantı Əlizadə Şadər Azərbaycan üçün aktual olan bir mövzuda duzluluq şəraitində davamlı pambıq xətlərinin becərilməsinə həsr edilmiş maraqlı təqdimat etdi.
Biologiya fakültəsinin dekanı Afət Məmmədova seminarı giriş sözü ilə açaraq qeyd etdi ki, qlobal iqlim dəyişiklikləri ekosistemlərin vəziyyətini daha da çətinləşdirərək duzluluq, quraqlıq və digər stress faktorlarının təsirini artırmışdır. Bu artan ekoloji təzyiqin nəticəsi olaraq, dünyada kənd təsərrüfatı üçün yararlı torpaqların təxminən 1/3-ü duzluluq stresindən əziyyət çəkir. Duzlu mühitin osmotik təzyiqi, bitkilərin su alma qabiliyyətini azaldaraq onların fizioloji və bioloji proseslərini dəyişdirir. Bu səbəbdən duzluluq stresinə davamlı bitki genotiplərinin yaradılması və seleksiyada tətbiqi qlobal kənd təsərrüfatı üçün vacib məsələlərdən biridir.
Şadər Əlizadə çıxış zamanı tədqiqat işində pambığın yerli və introduksiya olunmuş 48 genotipi üzərində müxtəlif təcrübələr aparıldığı vurğuladı. Bundan əlavə NaCl duzunun 100 mM və 200 mM qatılıqlı stres şəraitində gen ekspressiyasının dəyişməsi, stresə qarşı olan biokimyəvi reaksiyalar, biokütlə istehsalı və cücərmə parametrləri qiymətləndirilmişdir. Statistik təhlil və klaster analizi nəticəsində, müxtəlif pambıq genotiplərinin duzluluq stresinə qarşı reaksiyaları müqayisə edilmiş, davamlı və həssas genotiplər müəyyən olunmuşdur. Tədqiqatda həmçinin pambıq bitkisi üçün ən uyğun davamlılıq indeksləri də təklif edilmişdir.
Sonda Məruzəçi vurğuladı ki, tədqiqatın nəticələri pambıq bitkisi üçün yeni, duza davamlı genotiplərin identifikasiyasına və onların seleksiyada istifadəsinə yol açacaq, kənd təsərrüfatında şoranlaşma probleminin qarşısını almağa kömək edəcəkdir. Tədqiqatın nəticələri, eyni zamanda pambığın genetik və bioloji inkişafını daha da yaxşılaşdırmaq üçün mühüm addımların atılmasına şərait yaradacaq.