“Elm günü”nə həsr edilmiş növbəti elmi seminar keçirilib

Biologiya fakültəsində 27 mart “Elm günü”nə həsr edilmiş fakültə əməkdaşları, gənc tədqiqatçılar və tələbələrin iştirakı ilə “Prenatal hipokineziya keçirmiş boğaz dovşanların və onların yenidoğulmuş balalarının qan göstəricilərinin tədqiqi” mövzusunda elmi seminar təşkil olunub. Seminar Zoologiya və fiziologiya kafedrasının doktorantı Ceyhunə Həmidova tərəfindən təqdim edilib.
Məruzədə prenatal hipokineziyanın ana orqanizmdə və yeni doğulmuş balalarda baş verən fizioloji və hematoloji dəyişikliklərə təsiri ilə bağlı aparılmış elmi tədqiqatların nəticələri təqdim olunub. Qeyd olunub ki, embrional inkişaf dövründə fiziki aktivliyin məhdudlaşması orqanizmin müxtəlif funksional sistemlərinə təsir göstərərək sonrakı inkişaf mərhələlərində müəyyən dəyişikliklərə səbəb ola bilər.
Seminar zamanı aparılmış eksperimental tədqiqatların metodikası, istifadə olunan heyvan materialı və əldə edilmiş hematoloji göstəricilərin müqayisəli təhlili haqqında məlumat verilib. Tədqiqat nəticələri prenatal hipokineziyanın qan sistemində müəyyən dəyişikliklərə səbəb olduğunu və bu dəyişikliklərin yeni doğulmuş balalarda da müşahidə olunduğunu göstərib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və aparılmış tədqiqatın nəzəri və praktik əhəmiyyəti vurğulanıb.