“Elm günü”nə həsr edilmiş “Elmi İnnovasiyalar və Biotexnologiyalar: Ekoloji Tarazlığın Davamlı Təminatında Yeni Perspektivlər” adlı dəyirmi masa keçirilib
Martın 17-də Bakı Dövlət Universitetində "Elmi innovasiyalar və Biotexnologiyalar: Ekoloji tarazlığın davamlı təminatında yeni perspektivlər" mövzusunda dəyirmi masa keçirilib. Tədbir universitetin Biologiya fakültəsinin təşkilatçılığı ilə baş tutub və elmi ictimaiyyətin, professor-müəllim heyətinin, doktorantların, magistrant və tələbələrin geniş iştirakı ilə yadda qalıb.
Dəyirmi masanı Biologiya fakültəsinin dekanı professor Afət Məmmədova açaraq tədbirin məqsədini vurğulayaraq elmi innovasiyaların və biotexnologiyaların ekoloji tarazlığın qorunmasında və davamlı inkişafda oynadığı roldan bəhs edib.
Tədbirdə bir sıra görkəmli alimlər çıxış ediblər. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova biotexnologiyaların müasir ekosistemlərə təsiri və bu sahədə yeni tədqiqat istiqamətləri barədə danışıb. Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov ekoloji tarazlığın qorunmasında mikrobiologiyanın rolu barədə geniş məlumat verib.
Radiasiya Problemləri İnstitutunun Radiobiologiya laboratoriyasının müdiri, professor Elmixan Cəfərov radioaktiv çirklənmənin biomüxtəlifliyə təsiri və bu sahədə innovativ həll yolları ilə bağlı fikir mübadiləsi aparıb. Eyni zamanda, Mikrobiologiya İnstitutunun baş elmi işçisi, professor Nəriman İsmayılov biotexnoloji innovasiyaların sənaye və kənd təsərrüfatında tətbiqinə dair son yenilikləri təqdim edib.
Dəyirmi masa çərçivəsində fakültənin kafedra müdirləri, professor-müəllim heyəti, doktorantlar, magistrantlar mövzu ətrafında aktiv müzakirələr aparıb, apardıqları tədqiqat işlərinin müəyyən məqamlarını və öz elmi baxışlarını bölüşübhlər,. Tədbir interaktiv xarakter daşıyaraq iştirakçıların suallarının cavablandırılması və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.
Tədbirin sonunda iştirakçılar elmi innovasiyaların ekoloji problemlərin həllində oynadığı mühüm rolu vurğulayaraq, bu istiqamətdə daha geniş tədqiqatların aparılmasının vacibliyini qeyd ediblər.