Əkinçiliyinin yeni istiqamətləri: hidroponika və akvaponika
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Tədqiqat, İnkişaf və İnnovasiya üzrə Mükəmməllik Mərkəzinin "Biomühəndislik" ETL-in elmi işçisi, “Molekulyar biologiya və biotexnologiyalar” kafedrasının əvəzçi müəllimi Nurlan Əmrahov tərəfindən “Müasir aqrar əkinçiliyin yeni istiqamətləri: hidroponika və akvaponika sistemləri” mövzusunda məruzə təqdim edildi.
Nurlan Əmrahov çıxış zamanı son illərdə Azərbaycan ərazisində torpaqların şoranlaşma prosesinin intensivləşməsi, son 10 ildə respublikanın əkin sahələrinin problemləri haqqında geniş məlumat verdi.
Tədqiqatçı qeyd etdi ki, problemin qarşısının alınması metodları olduqca çoxdur:
- Meliorasiya-olduqca effektiv metoddur, lakin büdcə üçün əlverişsizdir. Belə ki, bu zaman daha çox suyun istifadə olunması israfa səbəb olur;
- Damcı suvarılma;
- Üzvi gübrələr;
- Vertikal drenaj və torpaqsız mühitdə hidropon sistem və akvapon sistemlər ilə bitkilərin yetişdirilməsi.
Məruzəçi çıxışında bu sistemlərin universallığı, tam sağlam və yüksək məhsuldarlığa malik birillik və ikillik bitkilərin yetişdirilməsini qeyd olunan sistemlərin üstünlükləri kimi göstərdi. Son illər dünya üzrə çoxillik bitkilərin bu üsulla yetişdirilməsi üzrə elmi tədqiqatlar aparılır.
Məruzəçi tərəfindən qeyd olunan texnologiyaların sənayedə tətbiqi, istifadəsi, üstünlükləri və çatışmazlıqları seminar iştirakçılarının nəzərinə çatdırıldı. Seminarda bu sistemlərin iqtisadi səmərəliyi və perspektivləri haqqında geniş müzakirələr aparıldı.
Sonda iştirakçılar tərəfindən verilən suallar cavablandırıldı.