“Dünya Bioloqlar Günü”nə həsr olunmuş elmi seminar keçirilib

Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə silsilə seminarlar sırasından “Dünya Bioloqlar Günü” münasibətilə “Biotexnoloqun həyatı: Sənaye biotexnologiyası, biomüxtəliflik, bioiqtisadiyyat və elmi kommunikasiya arasında səyahət” mövzusunda elmi seminar keçirilib.
Seminarda sənaye biotexnologiyası üzrə fəlsəfə doktoru, Milano-Bicocca Universiteti-ndə dosent, tədqiqatçı Stefano Bertacchi çıxış edib. Spiker təqdimatında biotexnologiyanın laboratoriyadan sənayeyə qədər inkişaf dinamikasını təhlil edib. O, şəxsi elmi fəaliyyətinə istinad edərək vurğulayıb ki, müasir biotexnoloqun rolu yalnız elmi araşdırmalarla məhdudlaşmır, eyni zamanda iqtisadi və sosial sahələrdə aktiv iştirak tələb edir. Çıxış zamanı elmin müasir çağırışlara uyğunlaşması və praktik tətbiqi əsas xətt kimi önə çəkilib.
Görüş çərçivəsində biorefineriya konsepsiyası əsasında tullantı biokütlələrin – o cümlədən kofe qalıqları, ağac qabıqları və digər materialların – səmərəli idarə olunması yolları geniş müzakirə edilib. Professor genetik modifikasiya olunmuş mikroorqanizmlər vasitəsilə bioplastik, vitamin və aromatik birləşmələrin istehsalı prosesini izah edib. Bu texnologiyaların həm biomüxtəlifliyin qorunmasına, həm də xammalın sənaye dövriyyəsinə qaytarılmasına verdiyi töhfələr iştirakçıların diqqətinə çatdırılıb.
Seminarın sonunda spiker Avropa Komissiyası yanında bioiqtisadiyyat üzrə gənc səfir (Youth Ambassador) kimi fəaliyyəti və elmi kommunikasiyanın əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, mürəkkəb elmi mövzuların geniş auditoriyaya sadə və anlaşılan dildə çatdırılması müasir dövrdə xüsusi önəm daşıyır. Bu istiqamətdə müəllifi olduğu kitablar vasitəsilə qazandığı təcrübəni də iştirakçılarla bölüşüb.
Seminar laboratoriyadan kənar biotexnoloji problemlərin həlli yollarının müzakirəsi və iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.
Biologiya fakültəsinin TEC sədri Rasim Abbaszadə çıxış edərək qonaq professora təşəkkürünü bildirib və bu kimi elmi tədbirlərin davamlı təşkil olunacağını vurğulayıb.