Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibətilə təbrik
"Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.”
Ümummilli lider Heydər Əliyev
Hörmətli Biologiya fakültəsinin professor, müəllim heyyəti, əziz tələbələr!
Sizin hər birinizi 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibətilə təbrik edirəm. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənimiz olan müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir. Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün şəxsi arzu və istəklərdən öndə dayanır. İkinci Qarabağ savaşında da Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Biz birlikdə güclüyük! Qələbəmizin qazanılmasında həmrəyliyimizin rolunun misilsiz olmasını bir daha sübut etdik.
Yeni təqvim ili - həyatın yeni səhifəsi deməkdir. Həyat-Ulu Yaradanın ən ali məxluq olan insana bəxş etdiyi əvəzsiz nemətdir.
Hörmətli kolleqalar, fakültəmizin alimləri, əməkdaşları, gənclər!
Sizin hər birinizi 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik günü və 1 Yanvar - Yeni təqvim ili münasibətilə təbrik edir, Sizə sağlam və mənalı ömür, bol şans, pedaqoji və elmi fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm. Arzum budur ki, fakültə əməkdaşları kimi həmişə həmrəy olaq, birlikdə möhtəşəm layihələrə və uğurlara imza ataq, bir-birimizə dayaq olaq və birlikdə bütün çətinliklərin öhdəsindən məharətlə gələk.
Dekanlıq