Campbell Biologiya dərsliyinin təqdimatı
Bakı Dövlət Universitetində indiyə qədər dünyanın 19 dilinə tərcümə olunmuş Campbell Biologiya dərsliyinin azərbaycan dilinə tərcümə edilmiş ilk nəşrinin təqdimat mərasimi keçirilmişdir.
Kitab üç bölümə paylanmış 56 fəsildən ibarət olub, biologiyaya giriş xarakteri daşıyır və dünyanın qabaqcıl universitetlərində istifadə olunmaqdadır. Dərslik biologiyanın tədris proqramına daxil olduğu bütün ixtisas proqramlarında (tibbin bütün sahələrindən tutmuş, tibb bacılığına, əczaçılığa, aqronomluğa, müxtəlif müəllim, mühəndislik və elm sahələrinə qədər) istifadə olunur. Bundan əlavə, kitab fənn olimpiadalarına hazırlıqda və peşəkarlar üçün ümumi istinad kitabı kimi də istifadə olunur.
Tədbirdə kitabın tərcüməsini həyata keçirən komandanın rəhbəri Araz Zeyniyev, maliyyə məsələlərinin təminatını öz üzərinə götürmüş “Qırmızı ürəklər” xeyriyyə fondunun prezidenti Sevda Haqverdiyeva, vitse-prezidentlər Nihad Salmanlı və Yusif Poladov, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov, Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Biologiya fakültənin professor-müəllim heyəti və tələbələri iştitak etmişlər. Afət Məmmədova tədbiri açaraq, kitabın azərbaycan dilinə tərcümə olunmasının tələbələr və ümumən bioloqlar üçün əhəmiyyətini qeyd etmişdir. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov kitabın çox nəfis tərtib olunduğunu, onun hər bir tələbənin və ixtisas üzrə mütəxəssisin stolüstü kitabı ola biləcəyini vurğulamışdır. Sevda Haqverdiyeva kitabın digər cildlərinin də tərcüməsinin yaxın zamanda işıq üzü görəcəyini qeyd etmiş, Araz Zeyniyev kitabın tərcüməsinin həyata keçirilmə prosesi, kitabın tərkibi üzrə məzmununu, cilddlərinin əhəmiyyəti barədə ətraflı məlumat vermişdir. Sonra tələbələrin sualları cavablandırılmışdır. Tədbirin sonunda Fond tərəfindən Bakı Dövlət Universitetinin kitabxanasına 10 ədəd dərslik hədiyyə edilmişdir