BİYAN ZAVODUNA SƏFƏR
Tədrisin təcrübəyə inteqrasiyası çərçivəsində Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının əməkdaşları Kəmalə Əsədova və Fidan Məmmədovanın rəhbərliyi ilə II kurs tələbələri Ağdaş rayonunda yerləşən Biyan tədarükü və emalı zavodu və Bitki ekstraktı və sirop zavodunda təcrübə keçmişlər.
Əvvəlcə zavodun yaradılması və fəaliyyəti barədə tanıtım filmi nümayiş etdirilmişdir. Bundan sonra tələbələr biyan plantasiyasında əkilən biyan və digər dərman bitkiləri barədə məlumatlandırılmışlar. Daha sonra onlar Biyan tədarükü və emalı zavodunda müasir avadanlıqların köməyilə həyata keçirilən emal prosesi ilə yaxından tanış olmuşlar. Biyan kökü həm mexaniki üsulla, həm də əllə seçilir, təmizlənir, yuyulur, müxtəlif formada və ölçüdə doğranır, qurudulur və qablaşdırılır.
Biyan Sənaye Parkının nəzdində fəaliyyət göstərən Bitki ekstraktı və sirop zavodunda bioloji fəallığa malik qida əlavələri istehsal olunur. İstehsal olunan müalicəvi şərbətlərin öskürək, iltihab, qrip və zökəm əleyhinə, bəlğəmgətirici, immuniteti, hemoqlobini artıran, sinir sistemini sakitləşdirən təsirlərə malik olması barədə tələbələrə məlumat verilmişdir. Məhsulların başlıca üstünlükləri yüz faiz bitki mənşəli olması, xammalın ekoloji təmizliyi, tərkibində kimyəvi maddələrin - konservant, dadverici və rəngvericilərin olmamasıdır. Təcrübə rəhbəri Kəmalə Əsədova tələbələrə biyan və digər dərman bitkilərinin bioekoloji xüsusiyyətləri, tərkibi və dərman əhəmiyyəti barədə ətraflı məlumat vermişdir. Səfər dərs zamanı qazanılmış nəzəri biliklərin təcrübədə tətbiqi, tədrisin təcrübəyə inteqrasiyası baxımından çox məhsuldar olmuşdur. Sonda Biologiya fakültəsinin əməkdaşları Kəmalə Əsədova və Fidan Məmmədova zavod rəhbərliyinə və kollektivinə dərin minnətdarlıqlarını bildirmiş və tələbələrlə birlikdə xatirə şəkilləri çəkilmişdir.