“Bitkilərdə termogenez və alternativ oksidaza” mövzusunda elmi seminar keçiriılib
Biologiya fakültəsində növbəti elmi seminar baş tutub. Elmi seminarda Botanika və bitki fiziologiyası kafedrasının dosenti Sevinc İsmayılova "Bitkilərdə termogenez. Alternativ oksidaza" mövzusunda məruzə ilə çıxış edib.
Sevinc İsmayılova bildirib ki, tənəffüs yollarının tənzinləmə qanunauyğunluqlarını bilməklə, molekulyar-genetik səviyyədə nəinki bitkilərin, həm də insanın həyat fəaliyyətinə nəzarət etmək olar. Bu, hazırda müasir biologiyanın əsas diqqət mərkəzində duran məsələlərdəndir.
Termogenez orqanizmdə istiliyin əmələ gəlməsi, istehsalı və xaric edilməsi prosesi olub, əsasən istiqanlı (qomoyotermiya) heyvanlarda - quşlar və məməlilərdə və bəzi termogen bitki növlərində (təxminən 30-a yaxın fəsilənin, əsasən aroidkimilərin müəyyən nümayəndələrində) müşahidə edilir. Məməlilərdə termogenez hadisəsinin əsasında qonur piy toxuması üçün spesifik sayılan və digər toxumalarda rast gəlinən termogenin və ya UCP-1 (uncoupling protein) adlandırılan ayırıcı zülalların fəaliyyəti durur. Heyvanlarda yalnız UCP-tipli enerji səpələyici sistemlər olduğu halda, bitkilərdə bir neçə tip belə sistem mövcuddur və onlardan biri də alternativ oksidazadır(AO). AO çoxfunksiyalı zülaldır: AO genlərinin müxtəlif streslərə cavab olaraq ekspressiyası, onun stress zülallarına aid olub, bitkilərin adaptasiyasında iştirak etdiyini, konstitutiv ekspressiyası isə tənəffüsün alternativ yolunun bitkilərin kompleks metabolizmində rol oynadığını göstərir.
Daha sonra dos. İsmayılova S. qeyd edib ki, hazırda AT-ün tədqiqi fundamental problem çərçivəsindən çıxıb. Tənəffüs yolları, orqanizmdə onların növbələşməsi, nisbəti artıq müasir dünyanın dəyişən şəraitində, qlobal istiləşmə, CO2-nin yüksək miqdarı şəraitində tədqiq olunur. Son illər isə AO tədqiqatçıların diqqətini mitoxondrial oksidləşdirici fosforlaşma sisteminin müxtəlif zədələnmələri zamanı terapevtik vasitə kimi cəlb edir. Belə ki, uşaqlarda kardiomiopatiya, Parkinson, Alsqeymer, xərçəng, işemiya və s. kimi müalicəsi olmayan xəstəliklərin əksəriyyətinə səbəb mitoxondrilərin disfunksiası və bu zaman əmələ gələn oksigenin mitoxondrial aktiv formalarının (OAF), xüsusən də superoksid radikalının artıq miqdarıdır. İnsanın böyrək hüceyrələri kulturalarına AO geninin yeridilməsi ilə əlaqəli aparılmış tədqiqatlarda bu disfunksiyanın göstəricisi kimi hüceyrələrdə toplanmış süd turşusu və OAF-ın miqdarı kəskin aşağı enmişdir.
Tədbirin sonunda iştirakçıların sualları ətraflı cavablandırılmışdır.