“Bitki mənşəli nanohissəciklərin canlı sistemlərə təsiri”nə həsr olunmuş elmi seminar keçirilib

Biologiya fakültəsində Biofizika və biokimya kafedrasının dosenti Səbinə Ömərovanın təqdimatında “Bitki mənşəli nanohissəciklərin canlı sistemlərə təsirinin biokimyəvi xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib.
Seminarda bitki mənşəli nanohissəciklərin yaşıl sintez üsulları ilə əldə olunması, onların fiziki-kimyəvi xüsusiyyətlərinin müasir analiz metodları vasitəsilə xarakterizə edilməsi, həmçinin müxtəlif canlı sistemlərə təsir mexanizmləri barədə ətraflı məlumat verilib.
Məruzə zamanı birhüceyrəli yosunlar, buğda cücərtiləri və balıqlar kimi model orqanizmlərdə nanohissəciklərin oksidləşdirici stresə qarşı müdafiə sisteminin ferment komponentlərinə təsiri geniş təhlil olunub.
Səbinə Ömərova Azərbaycan florasında geniş yayılmış kəklikotu (Thymus vulgaris L.) bitkisinin ekstraktı əsasında sintez edilmiş gümüş nanohissəciklərinin müxtəlif canlı sistemlərin antioksidant müdafiə mexanizmlərinə təsirinə dair müqayisəli nəticələri iştirakçıların diqqətinə çatdırıb. Məruzəçi əldə olunan elmi nəticələrin ekotoksikoloji əhəmiyyətini vurğulayıb.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Təqdimatın sonunda auditoriyanın sualları cavablandırılıb, aparılan tədqiqatların perspektivləri və əldə edilmiş nəticələrin tətbiq imkanları ətrafında geniş elmi müzakirələr aparılıb.