Biomaterialların tədqiqi üzrə tədqiqatlar davam edir
Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən İbrahimxəlil oğlu Xəlilovun və kafedranın dosenti Aygün Namiq qızı Nəsibovanın həmmüəllif olduqları “EPR study of self-organized magnetic nanoparticles in biomaterials” (“Biomateriallarda öz-özünə yığılan maqnit nanohissəciklərinin EPR tədqiqi”) adlı elmi iş Scopus elmmetrik bazasına daxil olan (IF: 0.54) “Semiconductor physics, Quantum Electronics & Optoelectronics” jurnalında dərc olunub.
https://doi.org/10.15407/spqeo25.02.146
Məqalədə canlı sistemlərdə stress zamanı özünü müdafiə mexanizmi olaraq maqnit nanohissəciklərin yaranmasından bəhs edilir. Araşdırma obyekti olaraq ardıc (Juniperus communis) bitkisi və bu bitkinin əsasında hazırlanan biomateriallar (antioksidant təsirə malik olan və immun sistemini gücləndirən Nefrovil və İmmunostan preparatları) istifadə olunmuşdur. Tədqiqatlar EPR (elektron paramaqnit rezonans) metodu ilə aparılmışdır. Həmçinin, qeyd olunan biomateriallarda yaranan EPR siqnallarının intensivliyinə temperaturun və radiodalğaların gücünün təsiri də tədqiq edilmişdir. Araşdırmalar nəticəsində biomateriallarda Mn (g=2.0), Fe aqreqatların (g=3,22…3,94), Fe3O4 (g=2,17…2,60) nanohissəciklərinin, Fe3+ (g=4,3) ionların yaranması müşahidə edilmişdir.