“Bioloji modellərin tətbiqində süni intellektin imkanları” mövzusunda seminar keçirilib

Biologiya fakültəsində Elm gününə həsr olunmuş süni intellektin biologiya, genetika və səhiyyə sahələrində tətbiq imkanlarına dair elmi seminar təşkil olunub. “Bioloji modellərin tətbiqində süni intellektin imkanları” mövzusunda keçirilən tədbir tələbələr, magistrantlar və gənc tədqiqatçılar üçün müasir elmi texnologiyaların biologiya elminə təsirini izah etməyə yönəlib.
Seminarın əvvəlində tədbirin təşkilinə və dəstəyinə görə Biologiya fakültəsinin dekanı Afət Məmmədovaya və fakültə əməkdaşlarına təşəkkür bildirilib. Daha sonra məruzəçi — Bakı Dövlət Universitetinin genetika ixtisası üzrə magistr məzunu və hazırda Smart Solutions şirkətində Araşdırma və İnkişaf departamentində fəaliyyət göstərən Gülnar Hüseynli Quluzadə — öz peşəkar fəaliyyəti və süni intellekt texnologiyaları sahəsində apardığı işlər barədə məlumat verib.
Seminar çərçivəsində süni intellektin elmi tədqiqatlarda oynadığı rol, onun riyazi və texnoloji əsasları, elmdə yaranan böyük məlumat həcminin təhlili üçün süni intellekt üsullarının əhəmiyyəti haqqında ətraflı məlumat verilib. Məruzədə xüsusilə biologiya, genetika və səhiyyə sahələrində süni intellektin tətbiq imkanlarına diqqət yetirilib, zülal strukturlarının proqnozlaşdırılması, tibbi görüntülərin təhlili, genom məlumatlarının şərhi kimi istiqamətlər üzrə real elmi nümunələr təqdim olunub.
Seminarın əsas məqsədi tələbələr və gənc tədqiqatçılar arasında süni intellekt texnologiyalarının biologiya və digər elmi sahələrdə tətbiqi haqqında məlumatlılığı artırmaq, bu sahədə yeni tədqiqat istiqamətlərinə marağı təşviq etmək olub. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və müasir texnologiyaların təhsil və elmi tədqiqat prosesində rolu ətrafında müzakirələr aparılıb.