“Biologiyada süni intellekt tətbiqləri” mövzusunda elmi seminar keçirildi

Bakı Dövlət Universitetinin Biologiya fakültəsində fakültə professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələr üçün “Biologiyada süni intellekt tətbiqləri” mövzusunda elmi seminar keçirildi.
Seminarın əsas məruzəçisi Sosial elmlər və psixologiya fakültəsinin Süni intellekt kafedrasının müdiri, dosent Rafiq Ələkbərov olub. Tədbirdə biologiya elminin müasir mərhələsində süni intellekt texnologiyalarının rolu, tətbiq sahələri və gələcək perspektivləri ətraflı şəkildə müzakirə edilib.
Məruzə zamanı Rafiq Ələkbərov süni intellekt alqoritmlərinin bioloji məlumatların emalında, böyük həcmli elmi verilənlərin analizində, genomika, proteomika, biotibbi görüntülərin təhlili, ekoloji modelləşdirmə və biomüxtəlifliyin monitorinqi kimi sahələrdə yaratdığı imkanlardan bəhs edib. Bildirilib ki, süni intellekt metodları klassik tədqiqat yanaşmalarını tamamlayaraq daha dəqiq, sürətli və etibarlı nəticələrin əldə olunmasına şərait yaradır.
Seminarda həmçinin maşın öyrənməsi, dərin öyrənmə modelləri və avtomatlaşdırılmış qərar qəbuletmə sistemlərinin biologiya və biotexnologiya sahələrində tətbiq nümunələri təqdim olunub, beynəlxalq elmi təcrübələrdən konkret misallar göstərilib. Məruzəçi bu texnologiyaların gənc tədqiqatçılar üçün yaratdığı yeni elmi istiqamətlərə və multidissiplinar əməkdaşlıq imkanlarına xüsusi diqqət çəkib.
Tədbir interaktiv müzakirə formatında davam edib. Seminar iştirakçıları mövzu ətrafında suallar ünvanlayıb, süni intellektin elmi tədqiqatlarda istifadəsi, etik məsələlər, eləcə də bu sahədə kadr hazırlığının əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.