“Biologiyada nailiyyətlər və çağırışlar” mövzusunda XII beynəlxalq elmi konfransı uğurla başa çatdı
Bakı Dövlət Universitetinin (BDU) 105 illik və Biologiya fakültəsinin 90 illik yubileylərinə həsr olunmuş “Biologiyada Nailiyyətlər və Çağırışlar” mövzusunda XII beynəlxalq elmi konfransın bağlanış mərasimi keçirildi. Tədbir elmi müzakirələr, təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının yaranması baxımından böyük əhəmiyyət kəsb etdi.
Konfrans müddətində "Genetik müxtəliflik", "Biomüxtəliflik: adaptiv potensialın öyrənilməsi və nadir növlərin bərpasında molekulyar-bioloji tədqiqatların tətbiqi", "Su ekosistemləri, akvakultura və biomonitorinq", "Canlı sistemlərin ekologiyası, ətraf mühitin mühafizəsi və tibb sahəsində innovativ bioloji tədqiqat üsullarının tətbiqi" əsas istiqamətlər üzrə 173 mövzuda təqdimatlar dinlənildi və posterlər nümayiş olundu.
Bağlanış mərasimində BDU rektorunun elm və təhsil üzrə müşaviri, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor Fərda İmanov, Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova, struktur bölmə rəhbərləri, müəllimlər, tələbələr, eləcə də Türkiyə, Rusiya, Pakistan, Özbəkistan və Qırğızıstandan olan tanınmış alimlər iştirak etdilər.
Aydın Kazımzadə çıxışında konfransın əhəmiyyətini vurğulayaraq, biologiya elminin qlobal problemlərin həllində oynadığı rola diqqət çəkdi. O qeyd etdi ki, beynəlxalq alimlərin bir araya gəlməsi elmi nailiyyətlərin daha geniş yayılmasına və innovativ həllərin tətbiqinə şərait yaradır.
Fərda İmanov konfransın təşkilatçılıq səviyyəsindən məmnunluğunu ifadə edərək, tədbirin elmi və pedaqoji baxımdan böyük töhfə verdiyini qeyd etdi. O, həmçinin konfransda gənc tədqiqatçıların fəallığından bəhs edərək, onların beynəlxalq müzakirələrdə iştirakının əhəmiyyətini vurğuladı.
Afət Məmmədova çıxışında BDU Biologiya fakültəsinin 90 illik tarixindən bəhs edərək, fakültənin bu gün də beynəlxalq əməkdaşlıqlarda fəal iştirak etdiyini bildirdi. O, konfransın iştirakçılarına təşəkkür edərək, bu cür tədbirlərin Biologiyanın çağırışlarını həll etmək üçün əməkdaşlığın gücləndirilməsi və nailiyyətləri qeyd edilməsinin əhəmiyyətini bir daha vurğuladı.
Mərasimdə çıxış edən qonaqlar konfransın yüksək təşkilati səviyyəsini, biologiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli platforma olduğunu qeyd etdilər. Tədbir iştirakçıları gələcəkdə də bu cür platformaların davam etdirilməsi arzusunu ifadə edərək, Azərbaycana və Bakı Dövlət Universitetinə göstərdikləri qonaqpərvərlik üçün təşəkkür etdilər.
Konfransın təşkilatçıları Azərbaycan Gənclər Fondu, həmçinin Biyan Products, Koreya Şərq Təbabəti Klinikası və Coca-Cola şirkətlərinə göstərdikləri dəstəyə görə minnətdarlıqlarını ifadə etdilər. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edildi.